Telefonlar danışığı “öldürür”: İnsanlar hər il daha az danışır
ABŞ-də Missouri-Kansas City Universiteti və Arizona Universitetinin apardığı araşdırma göstərir ki, son illərdə insanların üz-üzə şifahi ünsiyyəti əhəmiyyətli dərəcədə azalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə DH Haber məlumat yayıb.
Tədqiqatın nəticələrinə görə, 2005–2019-cu illər arasında insanların gündəlik danışıq həcmi təxminən 28 faiz azalıb. Belə ki, 2005-ci ildə bir insan gün ərzində orta hesabla 16 632 söz işlətdiyi halda, 2019-cu ildə bu göstərici 11 900 sözə düşüb. Məlumatlar 22 müxtəlif araşdırma çərçivəsində 2 mindən çox insanın gündəlik həyatından toplanmış səs yazılarının təhlili əsasında əldə edilib.
Mütəxəssislər bildirir ki, rəqəmsal texnologiyaların yayılması bu azalmanın əsas səbəblərindən biridir. Mesajlaşma tətbiqlərinin geniş istifadəsi, onlayn sifariş imkanları və sosial həyatın getdikcə virtual mühitə keçməsi insanların üz-üzə ünsiyyətini azaldır.
Bu tendensiya bütün yaş qruplarında müşahidə olunsa da, gənclər arasında daha qabarıqdır. 25 yaşdan aşağı şəxslərdə gündəlik danışıq hər il orta hesabla 451 söz, 25 yaşdan yuxarı şəxslərdə isə 314 söz azalır. Ümumilikdə isə bu göstərici ildə təxminən 338 söz təşkil edir.
Ekspertlər xəbərdarlıq edir ki, ünsiyyətin azalması yalnız sosial deyil, psixoloji təsirlərə də səbəb ola bilər. Bu vəziyyət tənhalıq hissini gücləndirə və insanların daha məhdud sosial çevrədə qalmasına gətirib çıxara bilər.
Tədqiqatda həmçinin qeyd olunur ki, valideynlərin telefon istifadəsi körpələrlə ünsiyyətə də təsir edir. Müşahidələrə əsasən, valideynlər telefonla məşğul olduqları zaman uşaqlara yönəltdikləri sözlərin sayı təxminən 16 faiz azalır. Bu isə uşaqların dil inkişafı və gələcək akademik uğurları baxımından risk yaradır.
Fatimə
20:00 26.04.2026
Oxunuş sayı: 57