Estoniyalı diplomat: Rusiya müharibəni davam etdirdikcə NATO üçün təhlükə qalacaq
NATO-nun Rumıniya üzərində Rusiya istehsalı pilotsuz uçuş aparatını vurması Alyansın üzv ölkələrin ərazisini qorumağa hazır olduğunu göstərib. Lakin Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməsi NATO ölkələri üçün təhlükənin qalmasına səbəb olur.
Crossmedia.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib. O, NATO-nun Rumıniya üzərində pilotsuz uçuş aparatını uğurla vurmasını Alyansın təhlükələrə qarşı operativ reaksiya vermək imkanının növbəti göstəricisi kimi qiymətləndirib.
Tsahkna bildirib ki, NATO üzv ölkələrin ərazisinin hər qarışını qorumağa hazır və qadirdir. Bununla yanaşı, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi davam etdiyi müddətdə Alyans üçün təhlükənin aradan qalxmayacağını vurğulayıb.
Estoniyalı diplomat müttəfiqləri Ukraynaya hərtərəfli dəstəyi davam etdirməyə və Rusiyaya qarşı təzyiqi artırmağa çağırıb.
Onun sözlərinə görə, Ukraynaya güclü hərbi, iqtisadi və siyasi dəstəyin göstərilməsi, eyni zamanda Rusiyaya təzyiqin gücləndirilməsi müharibənin dayandırılması və ədalətli, davamlı sülhün əldə olunması üçün əsas yoldur.
Rusiyaya məxsus hava vasitələrinin Rumıniyanın hava məkanına daxil olması və onların qalıqlarının ölkə ərazisinə düşməsi halları xüsusilə Ukraynanın Dunay limanlarına qarşı həyata keçirilən hücumlar zamanı vaxtaşırı qeydə alınır.
Daha əvvəl NATO-nun Hərbi Hava Qüvvələrindən bildirilib ki, İspaniyaya məxsus F-18 qırıcısı Rumıniya üzərində Rusiya PUA-sını vurub. NATO əməliyyat qərargahı daha sonra pilotsuz aparatın ehtimal olunan istiqamətini də açıqlayaraq onun Rumıniya hava məkanına Moldova tərəfdən daxil olduğunu bildirib.
Son hadisələrdən birində isə Rumıniyanın Ployuru kəndində daha bir PUA-ya aid qalıqlar aşkarlanıb. Ərazinin Ukrayna sərhədindən cəmi iki kilometr məsafədə yerləşdiyi bildirilib.
21:48 16.08.2026
Oxunuş sayı: 51