Bəzi ali məktəblərdə müəyyən dərslər onlayn qaydada keçirilə bilər - Açıqlama
"28 May" metrostansiyasının müvəqqəti təmirə bağlanması və əvəzində istifadəyə verilən ekspres avtobus xətləri Bakının nəqliyyat sistemindəki ən ağrılı nöqtəni bir daha çılpaqlığı ilə üzə çıxardı: İnteqrasiya olunmayan nəqliyyatın bədəlini hər gün cibindən ödəyən vətəndaş və tələbə. Təbii ki, bir və ya bir neçə metro stansiyasındakı təmirə görə ali təhsili onlayn formata keçirmək hüquqi və məntiqi baxımdan düzgün həll yolu deyil. Lakin təmir dövründə alternativ kimi təklif olunan ekspres avtobusların sərnişinə əlavə ödəniş yükü gətirməsi də qəbulolunmazdır. Məsələ sadəcə metroda eskalatorun istiqamətini dəyişmək və ya avtobus sayını artırmaqla bitmir; əsas məsələ insanın A nöqtəsindən B nöqtəsinə çatana qədər neçə dəfə bilet vurmağa məcbur qalmasıdır. Məsələ ilə bağlı REAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib.

"Problemin kökündən həlli zamana bağlı biletlərə keçidlə və tələbələr üçün xüsusi güzəştli biletlərin tətbiqi ilə bağlıdır.
Yəni gedişhaqqı birdəfəlik olmalı deyil, zamana bağlı olmalıdır. Dünyanın bir çox ölkələrində, xüsusən də Avropa dövlətlərində çoxdan belə bir sistemə keçilib.
İnsan birsaatlıq bilet alır və həmin müddət ərzində həm metrodan, həm də avtobusdan rahatlıqla istifadə edə bilir. Bu sistemə keçilsəydi, bu cür suallar heç ortaya çıxmazdı. Biz dəfələrlə bunu təklif etmişdik.
Yaxud da tələbələr, təqaüdçülər və şagirdlər üçün güzəştli bilet sisteminə, zamana bağlı tariflərə keçmək lazımdır. Həftəlik, aylıq, illik biletlər satışa çıxarılmalıdır ki, vaxt müddəti artdıqca gediş haqqı daha ucuz başa gəlsin.
Bütün bunlar illərdir müzakirə olunur. Təəssüf ki, indi elə bir vəziyyət yaranıb ki, nəqliyyat xərclərinin artmasından ən çox əziyyət çəkən məhz şagirdlər və xüsusilə də tələbələr olacaq".
Bəzi universitetlərdə tədrisin distant varinta çevrilməsi ilə bağlı səsləndirilən fikirlərlə bağlı təhsil eksperti İlqar Orucov da məsələyə münasibət bildirib.

"Düşünürəm ki, sırf cari marşrut sıxlığına görə dərslərin müvəqqəti onlayn formata keçirilməsi gözlənilmir. Bakı metropolitenində təmir işləri və ya müvəqqəti infrastruktur dəyişiklikləri səbəbindən yaranan çətinliklər zamanı təhsil sistemi kütləvi distant formata keçmir, alternativ nəqliyyat və idarəetmə həlləri tətbiq edilir".
Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyinin qaydalarına əsasən, universitetlərdə dərslərin onlayn formata keçirilməsi ciddi tənzimlənir.
"Distant təhsil yalnız qlobal pandemiyalar, irimiqyaslı hərbi vəziyyət, beynəlxalq səviyyəli tədbirlərin təşkili və ya ölkə əhəmiyyətli ekstremal infrastruktur hadisələri zamanı mərkəzləşdirilmiş qaydada tətbiq olunur. Bir və ya bir neçə metro stansiyasındakı sıxlıq və ya təmir işləri qanunvericilik baxımından təhsil formasının dəyişdirilməsi üçün hüquqi əsas sayılmır. “Elmlər Akademiyası" metrostansiyası ətrafında yerləşən aparıcı ali təhsil müəssisələri prosesi onlayn etmək əvəzinə fərqli inzibati addımlar atır. Universitetlər tələbə axınını seyrəltmək üçün dərs saatlarını fərqli vaxtlara təyin edir. Məsələn, bir qrup üçün dərslər 08:30-da, digərləri üçün 10:00 və ya 12:00-da başlayır. Yalnız böyük mühazirə otaqlarında keçirilən və minimum 70-100 tələbənin iştirak etdiyi bəzi nəzəri fənlər universitetin Elmi Şurasının qərarı ilə daxili qaydada onlayn formata salına bilər, lakin seminarlar və laboratoriyalar mütləq əyani formada qalır. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Bakı Metropoliteni analoji pik dövrlərdə yerüstü və yeraltı tənzimləmələr tətbiq edir. Metroda yüklənmə olduqda "28 May" və "Elmlər Akademiyası" metrostansiyaları istiqamətində birbaşa hərəkət edən əlavə avtobus və ya ekspres xətlər buraxılır. Pik saatlarda tələbələrin təhlükəsiz hərəkəti üçün platformalarda eskalatorların istiqaməti dəyişdirilir və sərnişin axını mütəxəssislər tərəfindən xüsusi qaydada idarə olunur. Bütün proses əlaqələndirilmiş və aidiyyatı qurumların birgə fəaliyyəti ilə kordinasiya olunmuş formada təşkil olunduğuna görə də dərslərin məsafədən təşkilinə heç bir ehtiyac qalmır".
Turqut Ansari
18:00 15.08.2026
Oxunuş sayı: 44