Hadisə

Türk dünyası Gənc Yazarları Bakıda toplandı

“Bura bir ocaqdır. Adını qoymuşuq “Sabir ocağı”. Ocaqlar da müqəddəs yerdir. Burada mənim kitabxanam var, kim istəyir gəlib kitab oxuyur, studio var. Orada “Sabir Rüstəmxanlı söhbətləri” adlı seriyada söhbətlərim gedir. Azərbaycan mədəniyyətlərindən söhbətlər edirik.”

Bu sözlərlə Azərbaycan xalq şairi Sabir Rüstəmxanlı 25 dekabr 2024-cü ildə Bakıda öz qərargahında keçirilən “Türk Dünyası Gənc Yazarlarının Toplantısı”nı açıq elan etdi. Tədbir, Dünya Türk Gənc Yazarlar Birliyi (DTGYB) tərəfindən təşkil olunaraq türk dünyasının müxtəlif bölgələrindən gələn gənc yazarlara ədəbi müzakirə və fikir mübadiləsi imkanı yaratdı.

Sabir Rüstəmxanlı çıxışında, ədəbiyyatın millətlərin mənəvi birliyindəki rolu barədə danışaraq vurğuladı: “Ədəbiyyat düşmənçilik yaratmır, dost qazandırır. Ədəbiyyat millətin ruhunu qoruyur, onun keçmişini və tarixini yaşadır. Türk dünyasının birliyinə xidmət edən hər bir qələm sahibi böyük bir missiyanı yerinə yetirir.”

O, həmçinin türk dünyası yazıçılarının bir araya gəlməsinin gələcək nəsillərə böyük irs qoyacağını qeyd etdi.

Tədbir çərçivəsində Dünya Türk Gənc Yazarlar Birliyinin (DTGYB) 25 illik yubileyi xüsusi qeyd olundu. Bu münasibətlə DTGYB-nin 25 illik medalı təsis edilib və Sabir Rüstəmxanlıya təqdim edildi. Medalı DTGYB sədri İntiqam Yaşar şəxsən təqdim edərək xalq şairinin türk dünyasına xidmətlərini yüksək qiymətləndirdi.

İntiqam Yaşar çıxışında təşkilatın 2024-cü ildə həyata keçirdiyi əsas layihələrdən və Lənkəranın türk dünyasının gənclər paytaxtı seçilməsinin əhəmiyyətindən bəhs etdi.

Tədbirin sonunda Sabir Rüstəmxanlı qonaqlara özünün yeni “Последнее слово академика” kitabını təqdim etdi. Kitab elm, ədəbiyyat və mədəniyyət sahəsində müəllifin baxışlarını əks etdirir və türk dünyası üçün əhəmiyyətli bir töhfə kimi qiymətləndirilir.

“Türk Dünyası Gənc Yazarlarının Toplantısı” türk dünyasında mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi və gənc yazarlar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım oldu. Tədbir iştirakçıları bu cür görüşlərin davam etdirilməsinin vacibliyini vurğuladılar.

Gültac Mehdizadə

17:28 27.12.2024

Oxunuş sayı: 8224

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR