Şəkər xəstələrinin diqqətinə: bu səhvləri etməyin
Şəkərli diabet zamanı qidalanma qan şəkərinin stabil saxlanılmasında mühüm rol oynayır. Bu səbəbdən diabeti olan şəxslər həm sağlam və balanslı qidalanmalı, həm də qan şəkərinin kəskin yüksəlməsinə səbəb ola biləcək məhsullardan uzaq durmalıdırlar.
Qida eksperti Asim Vəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, şəkərli diabeti olan şəxslər qan şəkərini stabil saxlamaq üçün qidalanmalarında bir sıra məqamlara diqqət etməlidirlər. Onun sözlərinə görə, xüsusilə aşağı qlisemik indeksə malik, liflə zəngin və sağlam yağlar ehtiva edən qidalara üstünlük verilməlidir: “Bütün qida qruplarından balanslı şəkildə istifadə edilməsi vacibdir. Diabet zamanı əsas məqsəd karbohidrat mübadiləsini tənzimləyərək qanda qlükoza səviyyəsinin kəskin enib-qalxmasının qarşısını almaqdır. Həzm sistemi tərəfindən yavaş sorulan, tərkibində yüksək miqdarda pəhriz lifi olan tam taxıllar, paxlalılar və tərəvəzlər qan şəkərini tədricən artırır. Həmçinin liflər mədənin boşalma sürətini yavaşladaraq qlükozanın qana keçişini balanslaşdırır. Yağı az olan ət, balıq, yumurta, süd məhsulları, eləcə də zeytun yağı və qoz-fındıq kimi doymamış yağ turşuları hüceyrələrin insulinə həssaslığını dəstəkləyir, toxluq hissini uzadır və qlisemik yükün idarə olunmasına kömək edir. Qlisemik indeksi aşağı olan qidalara hər zaman üstünlük verilməlidir. Ağ un məmulatlarını, şəkər və nişastalı qidaları azaltmaq lazımdır”.

A.Vəliyev qeyd edib ki, məhsul seçərkən ön tərəfdəki aldadıcı “şəkərsiz”, “fit” kimi yazılara aldanmamalıyıq: “Məhsulun arxa hissəsindəki tərkib siyahısını mütləq oxumalıyıq. Xüsusilə məhsulun tərkibində gizli şəkərlərin, məsələn, maltodekstrin, qlükoza siropu və fruktozanın olub-olmadığına diqqət yetirməliyik. Mətbəxdə tərəvəzləri həddindən artıq bişirib yumşaltmamalıyıq. Yeməkləri yalnız bir növ karbohidrat üzərində qurmamalı, zülal və lif balansını qoruyaraq buxarda, sobada və ya az yağda bişirməliyik. Şəkərli diabeti olan insanların immun sistemi nisbətən zəif olduğundan, qida mənşəli infeksiyalara və patogen mikroorqanizmlərə qarşı daha həssas ola bilirlər. Çiy yumurta, yaxşı bişməmiş ət və balıq məhsulları, pasterizə olunmamış süd məhsullarından qəti şəkildə uzaq durmaqla özümüzü qida mənşəli infeksiyalardan qoruya bilərik. Həmçinin çiy və bişmiş qidaları hazırlayarkən çarpaz çirklənmənin qarşısını almaq üçün doğrama taxtalarından və bıçaqlardan ayrı istifadə etməliyik”.
Zərnigar Hüseynli
17:30 14.08.2026
Oxunuş sayı: 50