Təzyiq xəstələrinin diqqətinə - bu saatlarda çölə çıxmayın
Havanın temperaturunun yüksəlməsi xüsusilə arterial hipertenziyadan əziyyət çəkən insanlar üçün əlavə risklər yarada bilər. Yüksək temperatur orqanizmdə maye itkisini artırır, ürək-damar sisteminə düşən yükü yüksəldir və yanaşı xəstəlikləri olan şəxslərin səhhətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər belə havalarda təzyiq xəstələrinin dərmanlarını vaxtında qəbul etməsinin, günün ən isti saatlarında açıq havada olmaqdan çəkinməsinin və fərdi vəziyyətlərinə uyğun olaraq həkim tövsiyələrinə əməl etməsinin vacibliyini bildirirlər.

Crossmedia.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, arterial təzyiqdən əziyyət çəkən xəstələr dərmanlarını mütəmadi, yəni gündəlik qəbul etməlidirlər: “Qan təzyiqindən əziyyət çəkən bütün xəstələr dərmanlarını mütəmadi, yəni gündəlik qəbul edirlər. Çünki təzyiq müvəqqəti problem deyil. Bunun artıq baza səbəbləri var və təzyiq daim tənzimlənməlidir. Belə xəstələr çox isti havalarda, xüsusilə gərgin anlarda və stres şəraitində, adətən təzyiq problemi ilə xüsusi çətinlik yaşamırlar. Bunun əsas səbəbi dərman qəbul etmələridir. Lakin ekstremal istilərdə təzyiq xəstələrinin əksəriyyətində yanaşı ürək-damar xəstəlikləri və digər xəstəliklər də olduğu üçün vəziyyət fərqli ola bilər. Təzyiqin yaranmasına səbəb olan amillər adətən ürək və damarlarla əlaqəli olduğundan, bu xəstələrdə yanaşı xəstəliklərə də rast gəlinir. İsti havalarda belə insanlar boğulma hissi yaşaya, özlərini pis hiss edə və müxtəlif narahatlıqlarla qarşılaşa bilərlər. Buna görə də çox isti havalarda, zəruri olmadıqda, belə xəstələrin bayıra çıxması məsləhət görülmür. Sərin şəraitdə olmaq, xüsusilə saat 12:00-dan 16:00-dək açıq havada qalmaq məqsədəuyğun deyil. Bundan başqa, hər hansı problem yarandıqda xəstələrin öz həkimlərinə müraciət etmələri və müalicədə hər hansı korreksiyanın həkim nəzarəti ilə aparılması lazımdır. Dərmanlar vaxtında qəbul edildiyi təqdirdə, bir çox hallarda ciddi problem yaşanmır. Bəzi xəstələrdə böyrək çatışmazlığı da olur və onlar çoxlu maye qəbul edə bilmirlər. Digər xəstələrdə isə yanaşı xəstəliklər mövcuddur. Belə xəstələr isti havalarda hansı tədbirləri görməli olduqlarını və mümkün ağırlaşmaların qarşısını necə almağın mümkün olduğunu həkimləri ilə məsləhətləşməlidirlər".
Zeynəb Həsən
13:30 14.08.2026
Oxunuş sayı: 58