İrandan ABŞ-yə sərt mesaj
İran Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi Möhsün Rezai vəzifəyə təyin olunmasından sonra yayımladığı ilk mesajında ölkənin mövqeyini açıqlayıb. O bildirib ki, İran İslam Respublikası xalqının hüquq və mənafelərinə qarşı heç bir təhdid qarşısında geri çəkilməyəcək və qərarlar daha güclü, dəqiq və cəsarətli şəkildə qəbul edilməlidir.
Rezai İranın hazırda müasir tarixinin “kritik və həlledici” mərhələsindən keçdiyini qeyd edib. Yeni katib həmçinin ölkənin istənilən təhdidə qarşı hazırlığının qorunacağını vurğulayıb.
Siyasi şərhçi Elşad Məmmədli Crossmedia.az-a açıqlamasında bildirib ki, indiyədək İran rəsmilərinin ABŞ və İsrailə münasibətdə güzəştli mövqe nümayiş etdirməsi müşahidə olunmayıb:
“Əslində, indiyədək hansısa İran rəsmisinin öz bəyanatında, mediaya açıqlamasında ABŞ və İsrailə münasibətdə liberal, güzəştli mövqe tutula biləcəyinə dair mövqe sərgiləməsinə rast gəlinməyib. Bütün rəsmilər istər müharibənin aktiv fazasında, istər atəşkəs, danışıqlar mərhələsində deyiblər ki, Tehran öz prinsiplərindən, nüvə proqramından geri çəkilməyəcək, heç bir güzəştdən söhbət gedə bilməz. Yalnız bəzi ABŞ rəsmilərinin açıqlamalarında İranın hansısa güzəştlərə hazır olduğu bildirilib, ancaq az sonra İran tərəfi bunu təkzib edib”.
E.Məmmədli İran Milli Təhlükəsizlik Ali Şurasının yeni rəhbəri Möhsün Rezainin açıqlamasının Tehranın ənənəvi mövqeyinə uyğun olduğunu qeyd edib:
“Bu baxımdan İran Milli Təhlükəsizlik Ali Şurasının yeni rəhbəri Möhsün Rezainin Tehranın təhdidlər qarşısında geri çəkilməyəcəyini söyləməsi çox da təəccüblü deyil. General Möhsün Rezai hələ orduda olanda da radikal mövqeyi ilə seçilib. Ordudan getdikdən sonra Məsləhət Şurasının katibi, ardınca İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti kimi fəaliyyət göstərəndə də regional, geosiyasi məsələlərdə sərt mövqe sərgiləyənlərdən olub”.
Siyasi şərhçi Rezainin yeni vəzifəsində səsləndirdiyi fikirlərin ABŞ və İsrailə ünvanlanan növbəti mesajlardan biri olduğunu bildirib:
“Onun yeni postunda verdiyi məlum bəyanat da İranın ABŞ və İsrailə ənənəvi, növbəti mesajlarından biridir. Görünən budur ki, İran geri addım atmamaq, güzəştə getməmək fikrində qətidir”.
E.Məmmədli hesab edir ki, Tehranın sərt ritorikası mütləq şəkildə yeni müharibə ilə nəticələnməyə bilər:
“Lakin bunun növbəti dəfə böyük müharibəyə gətirib çıxaracağını da düşünmürəm. İran sadəcə danışıqlar masasında uduzmamaq üçün özünü əzəmətli və məğlubedilməz göstərməyə çalışır. Bununla həm də daxili auditoriyaya mesaj verir və nüfuzlarını qorumağa çalışırlar”.
Ekspert vurğulayıb ki, siyasi proseslərin yalnız görünən tərəfinə əsaslanaraq nəticə çıxarmaq düzgün deyil:
“Ancaq bu, məsələnin yalnız görünən tərəfidir. Siyasətdə proseslər, danışıqlar heç də həmişə göründüyü kimi olmur. Hesab edirəm ki, alt qatlarda gedən danışıqlarda nə zamansa qarşılıqlı güzəştlər olacaq. Amma bu, çox tez olmayacaq”.
E.Məmmədli ABŞ, İsrail və İran arasında mümkün anlaşmanın mürəkkəb və uzunmüddətli proses olacağını diqqətə çatdırıb:
“ABŞ/İsrail-İran anlaşması xeyli vaxt və enerji tələb edir. Çünki məsələlər, şərtlər, maraqlar çox mürəkkəbdir”.
Siyasi şərhçi anlaşmaya qədər tərəflər arasında qarşılıqlı təhdidlərin və çəkindirmə cəhdlərinin davam edəcəyini bildirib:
“Anlaşmaya qədər isə qarşılıqlı təhdidlər, çəkindirmə cəhdləri davamlı şəkildə baş verəcək”.
Nigar Xəlilli
16:30 12.08.2026
Oxunuş sayı: 52