Naxçıvanda sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradılıb
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı AzTv-ə verdiyi müsahibədə qeyd edib ki, Naxçıvanın gələcəyi Azərbaycana əhəmiyyətli iqtisadi dividendlər gətirəcək. Hazırda muxtar respublikada həyata keçirilən layihələr bu baxışı real zəminə çevirir. Naxçıvan Sənaye Parkının təməli qoyulub, 300 meqavatlıq istilik elektrik stansiyası və günəş enerjisi layihələri sürətlə irəliləyir. 2023-2027-ci illər üzrə Dövlət Proqramı çərçivəsində infrastruktur, sənaye və “yaşıl enerji” sahələrində geniş işlər aparılır. 2026-cı ildən tətbiq olunan vergi və gömrük güzəştləri investisiya axınını artırır və sahibkarlığı stimullaşdırır. Bu tədbirlər nəticəsində Naxçıvanın ÜDM-i və sənaye istehsalı nəzərəçarpacaq dərəcədə yüksəlir. Zəngəzur dəhlizi və dəmir yolu infrastrukturunun bərpası isə muxtar respublikanı beynəlxalq nəqliyyat qovşağına çevirəcək. Gələcəkdə illik 15 milyon ton yük daşıma potensialı və elektrik enerjisinin ixracı ölkəyə əlavə gəlirlər vəd edir. Naxçıvanın Orta Dəhlizə inteqrasiyası Azərbaycanın tranzit rolunu daha da möhkəmləndirəcək. Beləliklə, hazırkı layihələr və gələcək addımlar Naxçıvanı təkcə regional inkişaf mərkəzinə deyil, həm də ümumölkə iqtisadiyyatına ciddi töhfə verən strateji əraziyə çevirir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Cənab Prezidentin Naxçıvana səfəri zamanı bir sıra vacib dövlət əhəmiyyətli açılışlar, təqdimatlar oldu, eyni zamanda təməlqoyma mərasimləri həyata keçirildi: “Eləcə də Cənab Prezident Naxçıvanda görülən işlərlə tanış oldu və artıq Cənab Prezident tərəfindən Naxçıvanın sosial-iqtisadi inkişafının dəstəklənməsi ilə bağlı da sərəncam imzalandı. Eyni zamanda, biz artıq 2026-cı ilin əvvəlindən etibarən Naxçıvanda genişmiqyaslı vergi güzəştləri paketinin tətbiqini müşahidə edirik və bu güzəştlər sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün sahibkarları rahat edir. Yəni, bir tərəfdən vergi güzəştləri tətbiq olunur və növbəti 10 il müddətində bunun davam etdirilməsi nəzərdə tutulur. Digər tərəfdən, həm kadr, həm də institusional islahatlar davam etdirilir. Bütün bunlar, təbii ki, Naxçıvanda sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır. Cənab Prezidentin son sərəncamı ilə Naxçıvana müxtəlif istiqamətlərdə 258 milyon manat vəsait ayrıldı. Bu, təbii ki, məhz uzun müddət blokadada olan Naxçıvanın müxtəlif istiqamətlərdə sosial-iqtisadi inkişafının yaxından dəstəklənməsi ilə bağlı dövlət siyasətinin genişlənməsi anlamına gəlir”.
Deputat qeyd edib ki, regionda baş verən proseslər, Zəngəzur dəhlizinin və eləcə də TRIPP-in istifadəyə verilməsi ilə bağlı intensiv aparılan işlər bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası blokadadan çıxaraq böyük iqtisadi qovşağa çevrilir: “Və əslində, Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın mövqeyinin daha da güclənməsi anlamına gəlir və sözsüz ki, bu da Naxçıvan üçün yeni imkanlar deməkdir. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Naxçıvan iqtisadiyyatının inkişafı, nəqliyyat və logistika sahəsində aparılan işlər, Naxçıvanda artıq sənaye parkının yaradılması və bu istiqamətdə sahibkarların təşviq edilməsi bir daha göstərir ki, növbəti dövrlərdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının daha da inkişaf etməsi həm də bütövlükdə ölkə iqtisadiyyatına birbaşa təsir göstərəcək. Bu, Azərbaycanda qeyri-neft-qaz sektorunun və qeyri-neft-qaz məhsullarının iqtisadiyyatdakı payının artmasına gətirib çıxaracaq. Ona görə Naxçıvan artıq bölgənin yeni inkişaf mərkəzlərindən birinə çevrilməkdədir”.
Ayhan
15:00 12.08.2026
Oxunuş sayı: 44