Rusiya təyyarəmizi vurubsa?..
2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması hadisəsi bir sıra siyasi müzakirələrə səbəb olmuşdur.
Hal-hazırda dünya mediasının başlıca mövzusu sözügedən hadisədir. Dünyanın bir çox analitik mərkəzləri, habelə ciddi media orqanları təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu iddia edirlər. Qəzadan öncə baş verən hadisələrin xronologiyası eləcə də, təyyarə üzərində mövcud olan izlər və şahidlərin ifadələri bu ehtimalın heç də zəif olmadığını əks etdirir.
Digər məlumatlara görə, təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi üzərində bərpa edilib. Bu, Rusiya tərəfinin radioelektron mübarizə sistemlərindən istifadəsi nəticəsində təyyarənin rabitə sisteminin iflic olması ilə izah edilir.
Bundan əlavə, təyyarənin Qroznı, Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enişinə icazə verilmədiyi, nəticədə ekipajın Qazaxıstanın Aktau şəhərinə yönləndirildiyi bildirilir. Bu vəziyyət bəzi ekspertlər tərəfindən Rusiyanın təyyarəni Xəzər dənizi üzərində batıraraq izləri itirmək planı kimi qiymətləndirilir.
Son illərdə Rusiya və Azərbaycan arasında münasibətlərdə əhəmiyyətli istiləşmə müşahidə olunurdu. Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə əməkdaşlığın genişlənməsi iki ölkə arasında əlaqələrin möhkəmləndiyini göstərirdi.
Lakin baş verən hadisə bu münasibətlərə kölgə sala bilər. Məlumatlara görə, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın Ukrayna dronlarını atəşə tutan "Pantsir-S" hava hücumundan müdafiə sistemlərinin qəlpələrinə tuş gəlib. Bir sıra ekspertlər isə bu versiya ilə razılaşmırlar, onlar baş verən faciəyə başqa cür yanaşırlar. Həmin ekspertlərin versiyalarına görə təyyarənin gövdəsindəki zədələr hava hücumundan müdafiə raketi ilə vurulma nəticəsində yaranan zədələrə uyğun gəlmir və ən çox ehtimal olunan səbəb təyyarənin yerə çırpılmasıdır. Qeyd etmək lazımdır ki, bu fərziyyələrin heç birisi rəsmi təsdiqini tapmayıb və hadisənin dəqiq səbəbləri araşdırmaların nəticəsində müəyyən ediləcəkdir.
Əgər bu iddialar təsdiqlənərsə, bu, Rusiyanın Azərbaycanla münasibətlərində riyakarlıq kimi qiymətləndirilə bilər. Bir tərəfdən, Moskva Bakı ilə dostluq və əməkdaşlıq əlaqələrini gücləndirir, digər tərəfdən isə belə bir hadisənin baş verməsi ikiüzlülük kimi qəbul edilə bilər.
Bu hadisə, həmçinin, regionda təhlükəsizlik məsələlərinə yenidən baxılmasını zəruri edir. Azərbaycanın hava məkanının təhlükəsizliyi və sərhəd bölgələrindəki vəziyyət daha da diqqətlə izlənilməlidir. Eyni zamanda, Rusiya ilə münasibətlərdə daha ehtiyatlı və praqmatik yanaşma tələb oluna bilər.
Nəticə etibarilə, bu hadisə Rusiya-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. Azərbaycan tərəfi bu məsələdə qətiyyətli mövqe nümayiş etdirərək, öz suverenliyini və milli maraqlarını qorumaq üçün zəruri addımlar atmalıdır.
Eyni zaman da o da aydındır ki, Rusiya Azərbaycana məxsus, içərisində özünün də vətəndaşları olan sərnişin təyyarəsini qəsdlə vurmuş olması ehtimal azdır. Bu böyük ehtimalla hazırda müharibə əməliyyatlarının aktivləşməsi fonunda edilən səhvdir.
Əgər bu belədirsə niyə hələ də Rusiya tərəfi hadisəni etiraf edərək səhvə yol verildiyini bildirib üzr istəmir? Bu Rusiya-Azərbaycan münasibətlərinin daha da psiləşməsinin qarşısını alacaq mühüm bir addım ola bilər.
Şübhəsiz ki, sərnişin təyyarəsini vurduqdan sonra öz biabrıçı səhvlərini ört-basdır etmək, dünyada mövcud olan rüsvayçı imiclərinin daha da pisləşməsindən yayınmaq üçün aralarında öz vətəndaşlarının da olduğu 67 nəfəri ölümə tərk etmək insanlıq tarixinə Rusiyanın hesabına yazılan növbəti bir qara ləkə kimi düşəcək. İnanırıq ki, Rusiyanın müvafiq orqanlarında müasir dünyada artıq bu kimi hadisələrin gizli saxlanılmasının mümkün olmadığını anlayan və sovet yalan maşını təxəyyülündən uzaqlaşmağı bacaran adekvat adamlar sözügedən hadisənin etiraf edilməsi zərurətini anlayaraq müvafiq addımlar atacaqlar.
Cross Media Təhlil Mərkəzi
05:53 27.12.2024
Oxunuş sayı: 7669