Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 9-da davam etdirilib.
Crossmedia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər
Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə
keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün
seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət
ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə
onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah
edib.
Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş
şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş şəxs Qorxmaz İsgəndərovun hüquqi varisi - atası
İsgəndər İsgəndərov ifadəsində oğlunun düşmən təxribatı nəticəsində Kəlbəcərdə
həlak olduğunu söyləyib.
Zərərçəkmiş şəxs Amid Qədirovun hüquqi varisi – anası Zülfirə
Qədirova ifadəsində övladının Ağdərədə Ermənistan ordusunun qalıqları və
qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində həlak olduğunu
bildirib.
Zərərçəkmiş şəxs Ağami Əlişanovun hüquqi varisi - anası Dilbər
Əhmədova ifadəsində oğlunun Ağdərədə düşmən tərəfindən törədilmiş təxribat nəticəsində
həlak olduğunu deyib.
Zərərçəkmiş Osman Ağaxanovun hüquqi varisi – atası Qədim
Ağaxanov ifadəsində övladının Xocavənddə Ermənistan ordusunun qalıqları və
qanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin partlaması nəticəsində
həlak olduğunu söyləyib.
Zərərçəkmiş Elnur Rüstəmovun hüquqi varisi - atası Faid Rüstəmov
ifadəsində oğlunun Kəlbəcərdə düşmənin təxribatı nəticəsində həlak olduğunu
söyləyib.
Zərərçəkmiş Ceyhun Şıxəliyevin hüquqi varisi – atası Oktay
Şıxəliyev övladının Ağdərənin Sırxavənd kəndində düşmən təxribatı nəticəsində həlak
olduğunu deyib.
Zərərçəkmiş Arif Əliyevin hüquqi varisi – qardaşı Mübariz
Əliyev ifadəsində qardaşının Kəlbəcər rayonunun Susuzluq kəndində düşmən tərəfindən
basdırılmış minanın partlaması nəticəsində həlak olduğunu bildirib.
Zərərçəkmiş Şöhrət Cəfərov ifadəsində həmin hadisə zamanı
yaralandığını deyib. O, hadisə zamanı avtomobildə 7 nəfərin olduğunu, mina
partlayışı nəticəsində üç nəfərin - Məhərrəm İbrahimovun, Sirac Abışovun
(AzTV-nin operatoru – red.) və Arif Əliyevin (Susuzluq kənd inzibati ərazi dairəsi
üzrə nümayəndəsinin müavini – red.) həlak olduğunu, özü də daxil olmaqla digər
şəxslərin xəsarətlər aldığını bildirib. "Bədənimdən 30-dək qəlpə
çıxarıldı", - deyə o əlavə edib.
Zərərçəkmiş şəxs Anar Qlinçev dövlət ittihamçısı Təranə Məmmədovanın
suallarına cavabında Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və
qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində qəlpə yarası
aldığını bildirib.
Zərərçəkmiş Şəmsi Kazımlı Baş Prokurorluğun Dövlət
ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına
cavabında düşmən təxribatı nəticəsində iki dəfə - Hadrutda və Laçında
yaralandığını deyib.
Azad Axundov Xocavənddə düşmənin açdığı atəşlər nəticəsində
yaralandığını söyləyib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin
suallarına cavabında hadisə zamanı daha üç nəfərin xəsarətlər aldığını
bildirib.
Yusif Kərimov dövlət ittihamçısı Vüsal Abdullayevin
suallarına cavabında Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni
silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandığını söyləyib.
Yusif Ömərov Ağdamda Ermənistan ordusunun qalıqları və
qanunsuz erməni silahlı dəstələrinin atdığı mərminin partlaması nəticəsində
yaralandığını bildirib. O deyib ki, hadisə zamanı daha üç nəfər xəsarətlər
alıb, bir nəfər isə həlak olub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin
suallarını cavablandıran zərərçəkmiş şəxs Neməti Qasemi Ağdamda Ermənistan
ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin artilleriya atəşi nəticəsində
xəsarətlər aldığını deyib.
Mirqabil Mirzəyev və Aqil Rəhimov ifadələrində Xocavənddə
düşmən tərəfdən atılmış mərminin partlaması nəticəsində xəsarət aldıqlarını
bildiriblər.
Həmid Ağazadə Xankəndidə Ermənistan ordusunun qalıqları və
qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını söyləyib.
Zərərçəkmiş Rəhim Nəsirov dövlət ittihamçısı Fuad Musayevin
suallarına cavabında Xankəndidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni
silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Onun sözlərinə
görə, hadisə zamanı daha beş nəfər yaralanıb, bir nəfər isə həlak olub.
Fərman Həsənov ifadəsində Ağdərənin Canyataq kəndi istiqamətində
qarşı tərəfin atəşi nəticəsində yaralandığını bildirib. O əlavə edib ki, hadisə
zamanı daha beş nəfər müxtəlif xəsarətlər alıb, iki nəfər həlak olub.
Nazir Nurəliyev Şuşa-Xankəndi istiqamətində qarşı tərəfdən
açılmış atəş nəticəsində yaralandığını bildirib.
Zərərçəkmiş Turan Məhərrəmovun hüquqi varisi - atası Tərlan
Məhərrəmov ifadəsində oğlunun Kəlbəcərdə düşmən tərəfindən açılmış snayper atəşi
nəticəsində həlak olduğunu deyib.
Rəşad Aslanov Ağdam rayonunun Mərzili kəndində düşmən tərəfindən
basdırılmış minanın partlaması nəticəsində yaralandığını bildirib.
Ariz Əliyev Xocavənddə Ermənistan ordusunun qalıqları və
qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını
deyib.
İntiqam Cumayev Ağdamda yaralanmış şəxsləri tibbi avtomobillə
ərazidən çıxararkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin
açdığı atəş nəticəsində yaralandığını bildirib. O deyib ki, təxliyə etməyə
çalışdığı yaralanmış şəxslər də həmin vaxt həlak olub.
Dair Cumartov, Elman Bayramov, Samir Yaralıyev, Ömər Əhmədov,
Alim Xanəliyev Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni
silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər.
Bəxtiyar Verdiyev Ağdərədə düşmənin basdırdığı minanın
partlaması nəticəsində yaralandığını bildirib.
Taleh Hacıyev ifadəsində Xocavənd rayonunda Ermənistan
ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində
yaralandığını deyib.
Rəşad Aslanov ifadəsində Şuşada Ermənistan ordusunun
qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı mərminin partlaması nəticəsində
xəsarətlər aldığını söyləyib.
Digər zərərçəkmiş şəxslər - Hidayət Cahangirov, Ümüd Həsənli,
Kənan Məmmədov, Ayaz Rzayev, İlkin Həsənov, Qurban Hüseynov, Hüseyn Hüseynov,
Cavid Qarayev, Taleh Sadıqov, Rəvan Manafov, Cəsarət Sarıyev müxtəlif ərazilərdə
Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı
atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.
Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan məhkəmə-tibbi
ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası sentyabrın 16-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110
(insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə
qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11,
116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını
pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam
öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11,
29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq),
214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə),
218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ
keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və
ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini
qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
19:30 09.09.2025
Oxunuş sayı: 2189