Sərnişinlərin həyatını xilas edən avtobus sürücüsü Milli Məclisə dəvət olunub - Deputat açıqladı

Sentyabrın altısında Binəqədi rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi təbii ki hamımızı dərindən sarsıtdı.
Hadisə zamanı hərəkətdə olan "DAF" markalı yük avtomobilinin digər avtomobilinin üzərinə aşıb.
Baş vermiş qəza nəticəsində yolda işıqforun qırmızı işığında gözləməkdə olan 1978-ci il təvəllüdlü İbrahimov Yusif İbrahim oğlunun idarə etdiyi "Changan" markalı avtomobilin üzərinə düşüb. Hər iki avtomobilin sürücüsü, habelə hadisə zamanı "Changan" markalı avtomobildə sərnişin qismində olan 1982-ci il təvəllüdlü Hacıyev Abdulla Əkrəm oğlu ölüblər.
Bu hadisədə təbii ki, sürücülərə əsas örnək olan şəxs isə sərnişinlərin xilaskarı olan avtobus sürücüsü Vüsal Məmmədov oldu. Sürücü öz çevik soyuqqanlı davranışı ilə bir çox sürücülərə dərin örnək oldu.
Əgər bu çeviklik olmasaydı hadisə zamanı daha çox ölüm halının olması istisna deyildi.
Məsələ iə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə avtobus sürücüsünün verdiyi çevik qərarı yüksək qeyd edib: “Bir vətəndaş kimi ölkəmizdə baş verən bütün hadisələrə həssaslıqla yanaşıram. Xüsusilə bir neçə gün əvvəl Biləcəridə baş verən yol qəzası məni dərindən sarsıtdı. Hazırda araşdırmalar aparılır, hadisənin səbəbləri dəqiqləşdirilir. Lakin məlum oldu ki, həmin an 92 nömrəli marşrut avtobusunun sürücüsü əsl qəhrəmanlıq göstərib. O, ani olaraq düzgün qərar qəbul edərək avtobusu geriyə çəkib və böyük bir faciənin qarşısını alıb.
Mən çətinliklə onun telefon nömrəsini tapdım, danışdım. Məlum oldu ki, avtobusda 70 nəfər sərnişin olub. Təsəvvür edin, ağır yük avtomobili həmin avtobusun üstünə düşsəydi, biz təkcə bir neçə gün deyil, illərlə o dəhşətin təsirindən çıxa bilməzdik. Mən ona təşəkkürümü bildirdim. Qeyd etdim ki, bu addım Azərbaycan xalqına xas olan qeyrətin, bacarığın, çevikliyin bariz nümunəsidir".
Deputat, həmçinin həmin sürücü ilə danışdığını da qeyd edib: "Söhbət əsnasında hiss etdim ki, o çox sadə, təvazökar, özünü qəhrəman kimi görməyən bir insandır. Bu isə onun dəyərini daha da artırır. Razılaşdıq ki, yaxın günlərdə onu Milli Məclisə dəvət edim, söhbət edək, əlimi sıxım və cəmiyyət qarşısında minnətdarlığımızı bildirək. Çox sevinirəm ki, xalqımız arasında istənilən vəziyyətdə düzgün qərar qəbul edə bilən vətəndaşlarımız var. Çünki qəhrəmanlıq xüsusi bir vaxt tələb etmir – qəhrəmanlıq, və cəsarət hər an hazır olmağı tələb edir".
Elmir Heydərli
19:18 09.09.2025
Oxunuş sayı: 2178