Ceyhun Bayramov Misirin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Hüsaməddin Effat Mustafa Rezanı qəbul edib.
Crossmedia.az xəbər verir ki, səfir Hüsaməddin Reza
etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
C.Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində
uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Misir arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında əməkdaşlığın inkişafında liderlər arasında
dostluq münasibətlərinin, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, hökumətlərarası
komissiyanın fəaliyyətinin, habelə siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti
qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş
Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində
əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev
sahibliyi və sədrliyi dövründə ölkələrimiz arasında əməkdaşlıq məmnunluqla
xatırlanıb.
Nazir, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə
mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa
və quruculuq işləri barədə ətraflı məlumatlandırıb.
Tərəflər həmçinin, Yaxın Şərq bölgəsində təhlükəsizlik vəziyyəti
ətrafında müzakirə aparıblar.
Səfir Misirin Azərbaycandakı səfiri qismində fəaliyyət göstərəcəyindən
məmnunluq duyduğunu və fəaliyyəti dövründə ikitərəfli münasibətlər və əməkdaşlığın
inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
18:36 09.09.2025
Oxunuş sayı: 1028