Xaricdə 97 yaşlı qadın rekord qırır - bəs Azərbaycanda?
Xaricdə 97 yaşlı qadının paraşütlə təyyarədən tullanaraq öz rekordunu təzələməsi bir daha göstərdi ki, yaş hər zaman insanın imkanlarını məhdudlaşdıran amil deyil. Xüsusən xaricdə yaşayan yaşlı insanlar hər zaman aktiv həyat tərzi sürərək yaşayırlar. Və onlarda yaş heç də hər şeyə maneə deyil. Bəs niyə Azərbaycanda insanların əksəriyyəti 70 yaşına çatmadan həm fiziki, həm də psixoloji baxımdan özünü qoca hesab edir? Bunun səbəbi genetika, həyat tərzi, qidalanma, stress, yoxsa cəmiyyətin yaşlılığa münasibətidir? Azərbaycanda insanların daha tez qocalmasının səbəbləri nələrdir?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlama verib:
“Bu, ilk növbədə insanların həyat tərzi, xüsusilə də sağlam həyat tərzi sürməsi ilə bağlıdır. Azərbaycanda da sağlam həyat tərzi keçirən kifayət qədər yaşlı insanlar var. Elə 90-95 yaşında olub, hələ də idmanla məşğul olan, aktiv həyat sürən və uzunömürlü insanlarımıza rast gəlmək mümkündür. Bu, əslində hər cəmiyyətdə belədir. İnsan sağlam həyat tərzi sürür, pozitiv düşüncə ilə yaşayırsa, daha sağlam və aktiv qocalıq dövrü keçirir. Tanıdığım, sağlam həyat tərzi keçirən, aktiv və sağlam qocalıq yaşayan kifayət qədər uzunömürlü insanlar var”.
Sosioloq qeyd edib ki, yəni belə insanlar təkcə Avropa ölkələrində deyil, Azərbaycanda da mövcuddur: “Sadəcə, onları cəmiyyətə daha çox tanıtmaq, mediada və efirlərdə yer vermək lazımdır. Onların həyat tərzi başqaları üçün də nümunə ola və sağlam yaşamağın mümkün olduğunu göstərə bilər”.
Ayhan
20:00 07.08.2026
Oxunuş sayı: 62