Dərman alma qaydası dəyişir – Elektron resept sistemi ilə bağlı VACİB AÇIQLAMA
Dünyanın bir sıra ölkələrində səhiyyə sistemlərinin rəqəmsallaşdırılması çərçivəsində elektron resept tətbiqi geniş yayılır. Bu sistem həkimlərin reseptləri elektron formada yazmasına, dərmanların qeydiyyatının aparılmasına və xəstələrin daha rahat şəkildə tibbi xidmətlərdən yararlanmasına imkan verir. Azərbaycanda da səhiyyədə rəqəmsal həllərin tətbiqi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bəs elektron resept sistemi ölkəmizdə tətbiq olunurmu?
Mövzu ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq Rəqəmsal Səhiyyə Mərkəzindən bildirilib ki, Azərbaycanda elektron resept sisteminin tətbiqi üçün həm hüquqi, həm də texniki baza formalaşdırılıb:
“Hüquqi baxımdan sistemin tətbiqi "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318s nömrəli Sərəncamı ilə tənzimlənir. Mövcud normativ-hüquqi baza reseptlərin elektron formada tərtib edilməsini, dövriyyəsini və icrasını təmin edir. Texniki baxımdan isə Elektron Resept Sistemi ölkənin vahid səhiyyə informasiya mühitinin tərkib hissəsi kimi yaradılıb və "Reseptim" tətbiqi vasitəsilə həkim, pasiyent və əczaçı arasında təhlükəsiz və operativ məlumat mübadiləsini təmin edir. Sistəmə giriş dövlət informasiya sistemlərində tətbiq olunan vahid identifikasiya mexanizmi – MyGov ID vasitəsilə həyata keçirilir ki, bu da istifadəçi autentifikasiyasının təhlükəsizliyini artırır. Hazırda Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrində reseptlərin yazılması tam elektron qaydada həyata keçirilir. Bununla yanaşı, digər dövlət və özəl tibb müəssisələrinin də sistemə mərhələli şəkildə inteqrasiyası istiqamətində müvafiq metodiki tövsiyələr hazırlanmış, aidiyyəti qurumlara təqdim edilib. Elektron resept sisteminin ölkə üzrə vahid standart kimi tətbiqinin genişləndirilməsi, istifadəçilərin məlumatlandırılması və sistemdən səmərəli istifadənin təmin olunması məqsədilə maarifləndirmə tədbirləri, təlimlər və vebinarlar mütəmadi olaraq davam etdirilir”.
Mərkəzdən verilən cavaba görə, elektron resept sistemi dərman vasitələrinin təyinatı və istifadəsi üzərində nəzarətin gücləndirilməsinə xidmət edən mühüm rəqəmsal alətdir:
“Sistem üzərindən yalnız Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və qiymətləri Tarif Şurası tərəfindən təsdiq edilmiş dərman vasitələri reseptlə təyin olunur. Resept yalnız bu səlahiyyətə malik olan həkim tərəfindən elektron qaydada tərtib edilir və müəllifliyi sistemdə tam şəkildə identifikasiya olunur. Resept yazıldıqdan sonra onun sistemdən silinməsi mümkün deyil. Zərurət yarandıqda həkim resepti etibarsız statusuna keçirə bilər, lakin bütün dəyişikliklər sistemdə tarixçə şəklində saxlanılır. Bu yanaşma sonradan aparılan yoxlamalar üçün tam audit izi formalaşdırır və saxtalaşdırma riskini minimuma endirir. Elektron resept əsasında dərman vasitəsinin təqdim edilməsi yalnız sistem vasitəsilə, pasiyentin təqdim etdiyi unikal kod və ya QR kod əsasında mümkündür. Bu mexanizm reseptlərin təkrar və ya qanunsuz istifadəsinin qarşısını alır. Bununla yanaşı, sistemdə aparılan mütəmadi monitorinq və nəzarət mexanizmləri reseptlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsini təmin edir. Elektron reseptlərin tətbiqi nəticəsində reseptlərin saxtalaşdırılması, reseptsiz buraxılması və nəzarətsiz dərman istifadəsi riskləri əhəmiyyətli dərəcədə azalır, dərman təyinatının şəffaflığı və izlənilə bilməsi təmin edilir. elektron resept sistemi həm tibb işçiləri, həm də vətəndaşlar üçün xidmətlərin daha operativ, təhlükəsiz və rahat təşkilinə imkan yaradır. Həkimlər üçün sistem reseptlərin hazırlanmasını sürətləndirir, dərman vasitələrinin vahid elektron bazadan seçilməsini təmin edir, resept tarixçəsinin saxlanılmasına və əvvəlki təyinatların izlənilməsinə imkan yaradır. Bu isə həm tibbi qərarların qəbulunu asanlaşdırır, həm də sənəd dövriyyəsini minimuma endirir. Pasiyentlər isə reseptlərini kağız daşıyıcı olmadan elektron formada əldə edə, "Reseptim" tətbiqi və "MyGov" platforması vasitəsilə onlara təyin edilmiş dərmanları istənilən vaxt izləyə bilirlər. Reseptlərin itməsi və ya korlanması riski aradan qalxır, eyni zamanda dərmanların qəbuluna dair məlumatlara operativ çıxış təmin olunur. Ümumilikdə, Elektron Resept Sistemi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, məlumatların təhlükəsiz saxlanılmasına və həkim–pasiyent–əczaçı əməkdaşlığının daha səmərəli təşkilinə xidmət edir. Həmçinin elektron resept sistemi dərman vasitələrinin təyinatı, buraxılışı və istifadəsi proseslərinin rəqəmsal mühitdə izlənilməsini təmin etməklə dərman bazarında şəffaflığın və nəzarət mexanizmlərinin gücləndirilməsinə mühüm töhfə verir. Sistem vasitəsilə resept əsasında təyin edilən dərman vasitələri elektron qaydada qeydiyyata alınır, reseptlərin icrası izlənilir və bütün əməliyyatlar vahid informasiya mühitində qeydə alınır. Bu, həm reseptlərin qanunvericiliyin tələblərinə uyğun tərtib və icra edilməsinə nəzarəti gücləndirir, həm də statistik təhlillərin aparılması və qərarların məlumatlara əsaslanaraq qəbul edilməsi üçün etibarlı məlumat bazası formalaşdırır. Eyni zamanda, Elektron Resept Sistemi “Dərman Vasitələrinin Təqibi və İzləmə Sistemi” ilə inteqrasiya olunub. Bu inteqrasiya resept üzrə təyin edilən dərman vasitəsinin təchizat zəncirindəki hərəkətinin izlənilməsinə, dərman dövriyyəsinin şəffaflığının artırılmasına və qanunsuz dərman dövriyyəsi risklərinin minimuma endirilməsinə xidmət edir. Nəticə etibarilə, Elektron Resept Sistemi yalnız vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmir, eyni zamanda dərman bazarında şəffaflığın artırılması, qanunvericiliyin tələblərinə əməl olunmasının gücləndirilməsi və dövlət nəzarətinin daha effektiv həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Qurum vurğulayıb ki, istənilən iri miqyaslı rəqəmsal transformasiya layihəsində olduğu kimi, elektron resept sisteminin tətbiqi prosesində də müəyyən çağırışlar yarana bilər:
“Bunlara istifadəçilərin yeni sistemə uyğunlaşması, rəqəmsal bacarıqların fərqli səviyyədə olması, bəzi tibb müəssisələrində texniki infrastrukturun təkmilləşdirilməsi ehtiyacı və inteqrasiya proseslərinin mərhələli şəkildə həyata keçirilməsi daxildir. Lakin bu risklərin minimuma endirilməsi məqsədilə sistem davamlı olaraq təkmilləşdirilir, istifadəçilərə metodiki dəstək göstərilir, təlimlər təşkil olunur və texniki müşayiət təmin edilir. Rəqəmsal həllərin tətbiqi mərhələli şəkildə həyata keçirildiyindən istifadəçilərin yeni mühitə adaptasiyası da daha rahat təmin olunur. Elektron xidmətlərin tətbiqi zamanı inklüziv yanaşmanın təmin olunması xüsusi əhəmiyyət daşıyır. Məqsəd bütün vətəndaşların, o cümlədən yaşlı şəxslərin və rəqəmsal texnologiyalardan məhdud istifadə edən insanların xidmətlərdən bərabər şəkildə faydalana bilməsidir. Bu baxımdan sistemin istifadəçi interfeysi mümkün qədər sadə və anlaşılan şəkildə hazırlanıb. Eyni zamanda tibb müəssisələrinin əməkdaşları və aptek işçiləri zərurət yarandıqda vətəndaşlara sistemdən istifadə ilə bağlı praktiki dəstək göstərə bilirlər. Bununla yanaşı, maarifləndirici materialların hazırlanması, video təlimatlar, ictimai məlumatlandırma kampaniyaları və rəqəmsal savadlılığın artırılmasına yönəlmiş təşəbbüslər istifadəçilərin sistemə daha rahat uyğunlaşmasına töhfə verir”.
Qeyd edilib ki, elektron resept sistemləri dünyanın bir çox ölkəsində uğurla tətbiq olunur və beynəlxalq təcrübə bu sahədə mühüm istiqamətverici rol oynayır:
“Xüsusilə Estoniya, Finlandiya, Danimarka, İsveç və Türkiyə kimi ölkələr elektron səhiyyə həllərinin tətbiqində geniş təcrübəyə malikdirlər. Bu ölkələrdə elektron resept sistemləri milli səhiyyə informasiya sistemləri ilə inteqrasiya olunaraq dərman təyinatının izlənilməsi, reseptlərin təhlükəsiz dövriyyəsi və xidmətlərin əlçatanlığının artırılması baxımından müsbət nəticələr verib. Azərbaycanda da Elektron Resept Sistemi beynəlxalq təcrübə, müasir rəqəmsal standartlar və ölkənin mövcud qanunvericiliyi nəzərə alınmaqla inkişaf etdirilir. Əsas məqsəd vətəndaşlara təhlükəsiz, etibarlı və müasir elektron səhiyyə xidmətlərinin təqdim edilməsidir”.
Məhəbbət Tərlanoğlu
14:00 07.08.2026
Oxunuş sayı: 68