Bakı və Abşeronda yay küləkli keçəcək - Ekoloq
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib. Yay mövsümündə belə hava hadisələri müşahidə olunsa da, güclü külək və intensiv yağıntıların səbəbləri və onların normal iqlim prosesi olub-olmaması maraq doğurur.

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, Bakıda müşahidə olunan güclü küləklər regionun coğrafi mövqeyi və iqlim xüsusiyyətləri ilə bağlıdır.
Onun sözlərinə görə, küləklərin yaranmasının əsas səbəblərindən biri torpaqla suyun fərqli şəkildə isinib-soyumasıdır: “Torpaq daha tez qızır və soyuyur, su isə daha gec qızır, gec də soyuyur. Bu fərq atmosfer təzyiqində dəyişiklik yaradır və nəticədə küləklər formalaşır. Yay aylarında uzunmüddətli isti və quraqlıq bu təzyiq fərqini daha da artırdığı üçün küləklər güclənə bilir”.
Ekspert qeyd edib ki, Bakıda müşahidə olunan Xəzri və Gilavar küləkləri Abşeron yarımadasının coğrafi mövqeyi ilə əlaqədardır və bu, şəhər üçün xarakterik iqlim xüsusiyyətidir: “Abşeron yarımadası Xəzər dənizinə doğru uzandığı üçün həm şimaldan əsən Xəzri, həm də cənubdan gələn Gilavar küləklərinin təsiri altında qalır. Bu proses min illərdir davam edir və Bakı üçün tamamilə normal iqlim hadisəsidir”.
S.Həsənovun sözlərinə görə, Böyük Qafqaz dağları da küləklərin formalaşmasına mühüm təsir göstərir: “Şimaldan gələn soyuq hava kütlələri Böyük Qafqaz sıra dağlarına çatdıqda sıxılır və dar sahədən keçərək sürətlə Abşeron yarımadasına yönəlir. Bu proses güclü Xəzri küləyinin yaranmasına səbəb olur. Daha sonra hava axınları cənuba doğru hərəkət edərək İran ərazisində Elburs dağları istiqamətində dəyişir və Gilavar küləklərinin formalaşmasına təsir göstərir”.
Ekoloq vurğulayıb ki, hazırda müşahidə olunan küləkli hava qeyri-adi hal hesab edilməməlidir: “Yayda uzunmüddətli isti və quraqlıqdan sonra temperatur və atmosfer təzyiqi fərqlərinin artması nəticəsində belə küləklərin yaranması təbii prosesdir. Bu, Bakı və Abşeron üçün normal iqlim şəraitidir”.
Zərnigar Hüseynli
12:30 07.08.2026
Oxunuş sayı: 73