Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi azalıb: Səbəblər məlum oldu
Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsində kəskin azalma qeydə alınıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, bu il ticarət dövriyyəsi ötən illə müqayisədə təxminən üçdə iki azalıb. O bildirib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çataraq təxminən 12 milyard dollar təşkil etsə də, ötən il bu göstərici 8 milyard dollara enib. Bu il isə iqtisadi əlaqələrdə geriləmənin daha da dərinləşdiyi qeyd olunur.

REAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin azalması bir neçə amillə bağlıdır. Onun sözlərinə görə, bu prosesə həm iqtisadi, həm də siyasi faktorlar təsir göstərir:
"Ticarət dövriyyəsinin azalmasının birinci səbəbi ondan ibarətdir ki, əvvəllər Ermənistan Rusiyanın, xüsusilə qiymətli metallar və daş-qaş bazarında sanksiyalardan yan keçməsinə kömək edirdi. Hazırda isə Rusiya bunun alternativlərini tapıb və bu əməliyyatları daha çox ərəb ölkələri vasitəsilə həyata keçirir. Dövriyyənin əhəmiyyətli hissəsini də məhz bu sahə təşkil edirdi".
Onun fikrincə, iki ölkə arasında siyasi gərginlik də iqtisadi əlaqələrə təsirsiz ötüşmür:
"Rusiya ilə Ermənistan arasında yaranan gərginlik fonunda Moskva Ermənistanın bəzi kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib. Bu da iqtisadi münasibətlərin zəifləməsinə və ticarət dövriyyəsinin azalmasına təsir göstərən əsas amillərdən biridir".
N.Cəfərli vurğulayıb ki, mövcud çətinliklərə baxmayaraq, Rusiya hələ də Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır:
"Bütün bunlara baxmayaraq, Rusiya Ermənistanın bir nömrəli ticarət tərəfdaşıdır və yaxın perspektivdə onu əvəz edə biləcək başqa ölkə görünmür. Müəyyən problemlər yaşansa da, bu əməkdaşlıq davam edəcək".
Həmsöhbətimizin sözlərinə görə, Ermənistan yaranan itkiləri digər istiqamətlər hesabına kompensasiya etməyə çalışır:
"Ticarət dövriyyəsinin azalması Ermənistan iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərir. Bunun qarşısını almaq üçün ölkə digər dövlətlərlə iqtisadi əlaqələri genişləndirməyə və yeni investisiyalar cəlb etməyə çalışır. Son dövrlər Avropa ölkələri və ABŞ-dən Ermənistana yatırılan investisiyaların artması da bunun göstəricisidir".
Nigar Xəlilli
15:00 07.08.2026
Oxunuş sayı: 48