Soydaşımızın Tbilisidə kitab-albomu nəşr olunub
Gürcüstanda yaşayan azərbaycanlı fotojurnalist Şahvələd Ayvazovun yaradıcılığına həsr olunan kitab-albom Tbilisidə işıq üzü görüb.
Crossmedia.az xəbər verir ki, nəşr müəllifin uzun illər ərzində topladığı zəngin fotoarxivin nümunələrini bir araya gətirmək məqsədilə Gürcüstan Mədəniyyət Nazirliyi və Gürcüstan Jurnalistlər Federasiyasının birgə layihəsi əsasında hazırlanıb. Gürcü və ingilis dillərində tərtib edilən kitab “Creative Georgia”nın dəstəyi ilə “CEZANNE” mətbəəsində çap olunub. Layihənin müəllifi və rəhbəri Qiorqi Mamatsaşvilidir.
Şahvələd Ayvazovun fotojurnalistika fəaliyyəti bir neçə onilliyi əhatə edir. O, həm Gürcüstanda, həm də xaricdə baş verən mühüm ictimai-siyasi hadisələri lentə alıb. Onun obyektivində 9 Aprel etirazları, Çeçenistan müharibəsi və müxtəlif bölgələrdəki silahlı qarşıdurmalar yer alır.
1956-cı il iyunun 26-da Tbilisidə anadan olan fotojurnalist sənətə məktəb illərində başlayıb. Yeddinci sinifdə “Smena” fotoaparatı ilə çəkdiyi ilk kadrlar onun peşə seçiminə təsir göstərib. Tbilisi Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Ayvazov əmək fəaliyyətinə “Sakinform”da fotomüxbir kimi başlayıb, 1992-ci ildən isə Associated Press (AP) ilə əməkdaşlıq edir. O, müharibə veteranı və Gürcüstan Jurnalistlər Federasiyasının İdarə Heyətinin üzvüdür. “Şərəf” ordeni, Aleksandr Roinaşvili diplomu və Gürcüstan Müdafiə Nazirliyinin Qran-prisi ilə təltif olunub, həmçinin beynəlxalq fotomüsabiqələrdə mükafatlar qazanıb.
Hazırda Gürcüstanda nəşr olunan azərbaycandilli “Gürcüstan” qəzetində fotojurnalist kimi fəaliyyətini davam etdirir.
12:38 07.08.2026
Oxunuş sayı: 59