Hörmüz İran ABŞ qarşısında “kozırına” çevrilib: Vaşinqton necə cavab verəcək?
Geosiyasət xəritəsində elə düyün nöqtələri var ki, orada atılan tək bir yanlış addım qlobal iqtisadiyyatın bütün oxunu silkələyə bilər. Bu gün Yaxın Şərqdə alovlanan gərginliyin mərkəzində dayanan Hörmüz boğazı məhz belə bir kritik cəbhədir. Dünya enerji damarlarının döyündüyü bu dar su keçidi, sadəcə geostrateji bir məkan deyil, həm də rəsmi Tehranın qlobal güclərlə Böyük Oyununda əlində saxladığı ən təsirli vasitədir. Məsələ ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Crossmedia.az-a açıqlama verib:
"Hörmüz boğazı qlobal enerji ticarətinin əsas arteriyalarından biri hesab olunur. Yəni dünya enerji ehtiyacının təxminən 20 faizi məhz bu boğaz vasitəsilə təmin edilir ki, bu da kifayət qədər böyük bir rəqəmdir.

Hazırda Birləşmiş Ştatlar, İsrail və İran gərginliyi fonunda rəsmi Tehran Hörmüz boğazının strateji əhəmiyyətini dərk edir, bunu düzgün qiymətləndirir və rəqibləri qarşısında bir strateji manevr imkanı kimi dəyərləndirir. Təbii ki, Hörmüz boğazında neft ixracına tətbiq edilən hər hansı əngəl, öz növbəsində, qlobal enerji bazarında çox ciddi mənfi tendensiya formalaşdırır. Münaqişə başlayandan bəri məhz enerji bazarlarında neft qiymətlərinin sürətlə qalxdığının şahidi oluruq".
Ekspertin sözlərinə görə, İran təkcə qlobal enerji bazarını yox, həm də öz iqtisadiyyatını bu boğaz vasitəsilə təmin edən Körfəz ölkələrini çətin vəziyyətdə qoyur:
"Bir qayda olaraq, həmin Körfəz ölkələri Birləşmiş Ştatların mühüm müttəfiqləri hesab olunur və demək olar ki, onların hər birində Birləşmiş Ştatların çox ciddi iqtisadi, siyasi və hərbi mövcudluğu hökm sürür.
Belə bir şəraitdə İran əlində olan strateji kartlardan mümkün qədər istifadə edərək öz ətrafında formalaşan mənfi tendensiyanı-yəni hərbi əməliyyatların quru əməliyyatları müstəvisinə keçmə risklərini minimallaşdırmağa və Birləşmiş Ştatları bu niyyətindən çəndirməyə çalışır.
Təbii ki, Hörmüz boğazını bağlamaq İranın öz iqtisadiyyatına da çox ciddi mənfi təsir göstərir. Lakin ölkənin suverenliyi və ərazi bütövlüyü sual altında olduğu bir məqamda əldə olan strateji imkanlardan yararlanmaq, hesab edirəm ki, doğru variantlardan biridir və rəsmi Tehran da bunu tətbiq edir.
Hazırda Hörmüz boğazında böyük ölçüdə mütləq hakimiyyət məhz İranın əlindədir. İran boğaza geniş miqyasda nəzarət edir və demək olar ki, İranın icazəsi olmadan Hörmüz boğazında hər hansı ciddi iqtisadi aktivlik müşahidə edilmir. Reallıq bundan ibarətdir ki, İran Birləşmiş Ştatlar qarşısında Hörmüz boğazının coğrafi üstünlüyünü strateji üstünlüyə maksimal dərəcədə transformasiya etməyi bacarır".
Turqut Ansari
11:00 04.08.2026
Oxunuş sayı: 59