Mədəniyyət xərc deyil, iqtisadi dəyər yaradan sahədir
Mədəniyyət haqqında danışarkən, adətən, ilk növbədə onun mənəvi, tarixi və sosial əhəmiyyəti vurğulanır. Mədəniyyət milli kimliyin qorunmasına, cəmiyyətin dünyagörüşünün formalaşmasına, insanların yaradıcı potensialının üzə çıxmasına və ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Lakin mədəniyyətin daha az diqqət yetirilən başqa bir tərəfi də vardır: onun iqtisadi dəyər yaratmaq imkanları.
Uzun müddət mədəniyyət əsasən dövlət büdcəsindən maliyyələşdirilən sosial sahə kimi qəbul edilib. Teatrların, muzeylərin, kitabxanaların, mədəniyyət evlərinin, tarixi abidələrin və müxtəlif incəsənət layihələrinin maliyyələşdirilməsi büdcə xərcləri sırasında göstərildiyinə görə, bütövlükdə mədəniyyət də bəzən iqtisadi nəticə yaratmayan xərc istiqaməti kimi qiymətləndirilir.
Halbuki beynəlxalq göstəricilər bu yanaşmanın mədəniyyətin real iqtisadi miqyasını tam əks etdirmədiyini göstərir. UNESCO-nun məlumatına görə, mədəni və yaradıcı sahələr dünya üzrə ümumi daxili məhsulun təxminən 3,1 faizini, məşğulluğun isə 6,2 faizini formalaşdırır. Bu rəqəmlər mədəniyyətin yalnız ictimai və mənəvi dəyər yaratmadığını, eyni zamanda dünya iqtisadiyyatının və əmək bazarının mühüm tərkib hissəsi olduğunu təsdiqləyir (UNESCO – Re|Shaping Policies for Creativity, 2022).
Büdcədən maliyyələşmə mədəniyyətin iqtisadi mahiyyətini tam ifadə etmir. Mədəniyyət yalnız vəsaitdən istifadə edən sahə deyil. O, eyni zamanda məhsul və xidmət yaradır, insanları işlə təmin edir, sahibkarlıq imkanları formalaşdırır, turizmi və regionların inkişafını dəstəkləyir, əqli mülkiyyət aktivlərini meydana çıxarır və ölkənin ixrac potensialını genişləndirir.
Bu baxımdan əsas məsələ mədəniyyətə nə qədər vəsait ayrılması ilə məhdudlaşmır. Daha vacib sual ayrılan vəsaitin hansı mədəni, sosial və iqtisadi nəticələr yaratmasıdır.
Mədəniyyət iqtisadi dəyəri necə yaradır?
Mədəniyyətin iqtisadi təsiri yalnız teatr biletlərinin, kitabların, əl işlərinin və ya muzey xidmətlərinin satışından ibarət deyil. Bu təsir daha genişdir və bir-biri ilə əlaqəli müxtəlif sahələrdə özünü göstərir.
İlk növbədə, mədəniyyətin iqtisadi təsiri məhsul və xidmətlərin birbaşa istehsalında özünü göstərir. Kino, musiqi, teatr, nəşriyyat, dizayn, memarlıq, reklam, moda, animasiya, rəqəmsal məzmun, oyun sənayesi və sənətkarlıq iqtisadi fəaliyyət yaradan sahələrdir. Bu istiqamətlərdə hazırlanan məhsulların istehsalı, yayılması və satışı gəlir və məşğulluq formalaşdırır.
Mədəniyyət, eyni zamanda, digər iqtisadi sahələrə əlavə tələbat yaradır. Festivalın, konsertin, sərginin və ya beynəlxalq mədəni tədbirin keçirilməsindən yalnız tədbirin təşkilatçıları faydalanmır. Belə fəaliyyət nəqliyyat, mehmanxana, ictimai iaşə, ticarət, reklam, texniki xidmət və turizm sektorlarında da iqtisadi fəallığı artırır.
Mədəni irslə turizmin əlaqəsi xüsusilə diqqətəlayiqdir. Tarixi abidələr, muzeylər, qoruqlar, ənənəvi sənətkarlıq, milli mətbəx və yerli festivallar vahid turizm məhsulunun tərkib hissəsinə çevrildikdə regionlarda yeni xidmət sahələrinin, sahibkarlıq fəaliyyətinin və iş yerlərinin yaranmasına imkan verir. Mədəni irsin qorunması bu halda yalnız tarixi yaddaşın yaşadılmasına deyil, həm də yerli iqtisadiyyatın inkişafına xidmət edir.
Mədəni və yaradıcı fəaliyyət nəticəsində meydana çıxan əqli mülkiyyət də mühüm iqtisadi dəyər daşıyır. Əsər, film, musiqi, dizayn, proqram, brend və digər yaradıcı məhsullar müəlliflik hüququ və əlaqəli hüquqlarla qorunan aktivlərə çevrilir. Belə məhsullar yalnız bir dəfə satılan əmtəə deyil, düzgün idarə edildikdə uzun müddət gəlir yaratmaq potensialına malik sərvətdir.
Mədəniyyətin iqtisadi təsiri ölkənin beynəlxalq tanınması ilə də bağlıdır. Kino, musiqi, ədəbiyyat, milli mətbəx və digər mədəni məhsullar ölkənin müsbət imicini və yumşaq güc imkanlarını genişləndirir. Bu isə öz növbəsində turizmə, ixraca və investisiya mühitinə dolayı təsir göstərir.
Yaradıcı iqtisadiyyatın beynəlxalq ticarətdə artan rolu bu imkanların artıq nəzəri yanaşma olmadığını göstərir. UNCTAD-ın məlumatına əsasən, 2022-ci ildə dünyada yaradıcı xidmətlərin ixracı 1,4 trilyon ABŞ dollarına, yaradıcı məhsulların ixracı isə 713 milyard ABŞ dollarına çatıb. 2017-ci illə müqayisədə yaradıcı xidmətlərin ixracı 29 faiz, yaradıcı məhsulların ixracı isə 19 faiz artıb. Bu dinamika yaradıcı fəaliyyətin yalnız daxili auditoriyaya xidmət edən sahə deyil, sürətlə genişlənən qlobal bazarın bir hissəsinə çevrildiyini göstərir (UNCTAD – Creative Economy Outlook 2024).
Mədəniyyətin iqtisadi nəticəsi yaradıcı ideyanın məhsul və ya xidmətə çevrilməsi ilə başlayır. Həmin məhsul auditoriyaya və bazara çatdıqda gəlir, məşğulluq və yeni investisiya imkanları yaranır. Daha geniş miqyasda isə bu proses ixracın artmasına və regionların iqtisadi fəallığının güclənməsinə töhfə verir. Prosesin hər hansı mərhələsində yaranan boşluq yaradıcı imkanların real iqtisadi nəticəyə çevrilməsini çətinləşdirir.
“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının iqtisadi baxışı
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının mühüm xüsusiyyətlərindən biri mədəniyyətin iqtisadi rolunu dövlət siyasətinin ayrıca istiqaməti kimi müəyyənləşdirilməsidir. Konsepsiyada mədəniyyətin ümumi daxili məhsulda payının artırılması, mədəni və yaradıcı sənayelərin iqtisadiyyata inteqrasiyası, bu sahədə iqtisadi fəaliyyət və peşə növlərinin genişləndirilməsi nəzərdə tutulur.
Sənəddə yaradıcı sahələrdə məşğulluğun artırılması, mədəni məhsul və xidmətlərin ixracının yüksəldilməsi, investisiyaların cəlb olunması və maliyyələşmə mənbələrinin şaxələndirilməsi də diqqət mərkəzindədir. Dövlət–özəl tərəfdaşlığı modellərinin tətbiqi, mədəni turizmdə müasir dəyər zəncirinin yaradılması və rəqəmsal mədəniyyət ekosisteminin formalaşdırılması bu yanaşmanın digər mühüm istiqamətləridir.
Bütün bunlar mədəniyyətin yalnız qorunmalı və təbliğ edilməli dəyərlər sistemi kimi deyil, həm də ölkənin sosial-iqtisadi inkişafında iştirak edən fəaliyyət sahəsi kimi qəbul olunduğunu göstərir.
Konsepsiyanın bu yanaşması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən edilmiş məqsədlərlə də uzlaşır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yaradıcı və innovativ özəl təşəbbüslərin dəstəklənməsi, yüksək əlavə dəyər yaradan fəaliyyət sahələrinin genişləndirilməsi və rəqəmsal iqtisadiyyatın gücləndirilməsi həmin prioritetlərin əsas istiqamətləri sırasındadır.
Mədəni və yaradıcı sənayelər bu məqsədlərin kəsişməsində yerləşir. Onların əsas istehsal resursu təbii sərvətlər deyil, insanın biliyi, istedadı, ideyası və yaradıcılığıdır. Buna görə də həmin sahələrin inkişafı qeyri-neft iqtisadiyyatının genişləndirilməsi və insan kapitalına əsaslanan artım modelinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın bu istiqamətdə imkanları kifayət qədər genişdir. Ölkənin zəngin mədəni irsi, müxtəlif sənət ənənələri, peşəkar yaradıcı insanları və böyüyən rəqəmsal auditoriyası mühüm üstünlüklər yaradır. Mövcud mədəni infrastrukturun miqyası da bu potensialı göstərir. Dövlət Statistika Komitəsinin 2025-ci ilin yekunlarına dair ilkin məlumatına görə, ölkədə 2914 kütləvi kitabxana, 2255 klub müəssisəsi, 243 muzey, 29 peşəkar teatr və 439 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi – 2025-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri).
Bu rəqəmlər ölkədə geniş mədəni xidmət şəbəkəsinin mövcudluğunu nümayiş etdirir. Lakin infrastrukturun və yaradıcı potensialın mövcudluğu hələ onların öz-özünə iqtisadi nəticəyə çevriləcəyi demək deyil.
Yaradıcı ideyanın gəlir gətirən məhsula çevrilməsi üçün istehsal, maliyyələşmə, hüquqların qorunması, satış və bazara çıxış imkanlarını birləşdirən işlək mühit olmalıdır. Bu baxımdan yaradıcı şəxslərin peşəkar və sahibkarlıq bacarıqlarının inkişafı, maliyyə mənbələrinə çıxış, müasir istehsal infrastrukturu, müəlliflik hüquqlarının effektiv qorunması, satış və yayım imkanları, eləcə də yerli və xarici bazarlar haqqında məlumat xüsusi əhəmiyyət daşıyır. Yaradıcı şəxslərlə biznes subyektləri arasında əməkdaşlıq və məhsulların beynəlxalq bazarlarda təqdim edilməsi də bu mühitin ayrılmaz hissəsidir.
Məsələn, çəkilmiş film səmərəli nümayiş və yayım sistemi olmadıqda, musiqi əsəri müəllif hüquqlarının düzgün idarə edilməsi və rəqəmsal platformalara çıxışla təmin edilmədikdə, sənətkarlıq nümunəsi isə müasir dizayn, brendləşmə və satış kanalları ilə tamamlanmadıqda öz iqtisadi imkanlarını tam reallaşdıra bilmir.
Deməli, yaradıcı insanlara yalnız maliyyə dəstəyi göstərilməsi kifayət deyil. İdeyanın yaranmasından məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərin bir-birini tamamlaması lazımdır.
İqtisadi nəticələr necə ölçülməlidir?
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında nəzərdə tutulan mühüm məsələlərdən biri mədəni və yaradıcı sənayelərin ümumi daxili məhsulda payının ölçülməsi üçün normativ bazanın və beynəlxalq təcrübəyə uyğun metodologiyanın yaradılmasıdır.
Bu məsələ prinsipial əhəmiyyət daşıyır. Çünki etibarlı statistik məlumat olmadıqda sahənin real iqtisadi miqyası görünmür, dövlət dəstəyinin nəticələrini qiymətləndirmək çətinləşir və investisiya qərarları üçün kifayət qədər informasiya formalaşmır. Eyni zamanda, iqtisadi potensialı daha yüksək olan sahələri müəyyənləşdirmək, müxtəlif proqram və layihələrin səmərəliliyini müqayisə etmək mümkün olmur.
Hazırkı rəsmi statistikada kitabxanaların, muzeylərin, teatrların, klub müəssisələrinin və digər mədəniyyət obyektlərinin sayı barədə məlumatlar mövcuddur. Bu göstəricilər sahənin infrastruktur imkanları haqqında təsəvvür yaratsa da, mədəni və yaradıcı sənayelərin ÜDM-ə, məşğulluğa, ixraca, özəl investisiyalara və regionların iqtisadi fəallığına ümumi töhfəsini tam göstərmir.
Buna görə də mədəniyyətin iqtisadi nəticələrinin ölçülməsi yalnız onun ümumi daxili məhsuldakı payının müəyyənləşdirilməsi ilə yekunlaşmamalıdır. Sahədə məşğulluq səviyyəsi, yaradılan müəssisələrin sayı, cəlb olunan özəl investisiyalar, mədəniyyət müəssisələrinin öz gəlirləri, ixrac, rəqəmsal satışlar, auditoriyanın genişlənməsi və regional iqtisadi təsir də qiymətləndirilməlidir.
Belə göstəricilərin tətbiqi dövlət maliyyələşməsinin azaldılması məqsədi daşımır. Əksinə, büdcə vəsaitinin hansı istiqamətlərdə daha böyük mədəni, sosial və iqtisadi nəticə yaratdığını müəyyən etməyə imkan verir.
Mədəniyyət sahəsində dövlət maliyyələşməsi bundan sonra da mühüm rol oynayacaq. Çünki mədəniyyətin yaratdığı ictimai faydanın hamısını bazar gəlirləri ilə ölçmək mümkün deyil. Milli irsin qorunması, regionlarda mədəni xidmətlərə əlçatanlığın təmin edilməsi, klassik sənət növlərinin yaşadılması və sosial inklüzivlik dövlət dəstəyini zəruri edir.
Lakin dövlət büdcəsi mədəniyyətin yeganə maliyyə mənbəyi kimi qəbul edilməməlidir. Sponsorluq, qrantlar, özəl investisiyalar, dövlət–özəl tərəfdaşlığı, beynəlxalq fondlar, yaradıcı sahibkarlıq və mədəniyyət müəssisələrinin öz gəlirləri bir-birini tamamlayan mexanizmlər kimi inkişaf etdirilməlidir.
Burada əsas prinsip sadəcə daha çox vəsait xərcləmək deyil, maliyyələşməni əldə olunan nəticələrlə əlaqələndirməkdir. Ayrılan vəsait hesabına hansı mədəni məhsulun yaradıldığı, neçə nəfərin həmin məhsuldan faydalandığı, hansı yeni auditoriyanın formalaşdığı, nə qədər əlavə gəlir və məşğulluq yarandığı qiymətləndirilməlidir.
Mədəniyyətin iqtisadi dəyərinin vurğulanması onun mənəvi və ictimai əhəmiyyətini arxa plana keçirmir. Əksinə, mədəniyyətin sosial, mənəvi və iqtisadi təsirlərinin birlikdə qiymətləndirilməsinə imkan yaradır.
Mədəniyyət eyni zamanda milli yaddaş, ictimai dəyər, insan kapitalı və iqtisadi fəaliyyət sahəsidir. Bu sahəyə ayrılan vəsait düzgün idarəetmə, işlək iqtisadi əlaqələr, şəffaf maliyyələşdirmə və ölçülə bilən nəticələrlə birləşdirildikdə yalnız cari xərc deyil, uzunmüddətli sərmayə xarakteri daşıyır.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının iqtisadi baxımdan uğuru da mədəni potensialın konkret məhsula, məhsulun bazara, bazarın isə gəlirə, məşğulluğa, ixraca və dayanıqlı inkişafa çevrilməsindən asılı olacaq.
Qarşıdakı əsas vəzifə mədəniyyətə süni şəkildə iqtisadi məna vermək deyil. Mədəniyyətin onsuz da yaratdığı iqtisadi dəyəri üzə çıxarmaq, düzgün ölçmək və sistemli şəkildə artırmaqdır.
12:00 04.08.2026
Oxunuş sayı: 59
Aqil Eyvazov
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dosent, "İqtisadiyyat və Hüquq" İctimai Birliyinin sədri