İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır
ABŞ Prezidenti Donald Tramp tərəflər arasında razılaşmanın ən qısa zamanda əldə olunacağı təqdirdə İrana qarşı planlaşdırılan hərbi zərbənin ləğv edildiyini bəyan edib. Amerika liderinin sözlərinə görə, mümkün razılaşma Hörmüz boğazında gəmiçiliyin dərhal bərpa olunmasını, regionda gərginliyin azaldılmasını və İranın nüvə proqramı ilə bağlı yaratdığı təhlükələrin aradan qaldırılmasını nəzərdə tutur. Vaşinqtonun bu açıqlaması Yaxın Şərqdə hərbi eskalasiyanın diplomatik müstəviyə keçə biləcəyi ilə bağlı gözləntiləri artırsa da, Tehranın bu təklifə necə reaksiya verəcəyi hələ də əsas müzakirə mövzularından biri olaraq qalır. Nəzərə alsaq ki, İran dəfələrlə nüvə proqramından imtina etməyəcəyini, ABŞ isə Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bəyan edib, tərəflər arasında mümkün razılaşmanın şərtləri və onun praktik icrası ilə bağlı çoxsaylı suallar yaranır. Belə bir şəraitdə Vaşinqtonun irəli sürdüyü təklif regionda gərginliyi azaltmağa kifayət edəcəkmi, yoxsa tərəflər arasında etimadsızlıq danışıqlar prosesini yenidən dalana dirəyəcək? Bəs İran bu şərtlər əsasında münaqişənin dayandırılmasına razılıq verəcəkmi?
Yaxın Şərqdəki gərginliklə bağlı Crossmedia.az-a
açıqlama verən Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu qeyd edib ki, İran–ABŞ gərginliyi
ilə bağlı çox maraqlı məqamlar var: “Təəssüf ki, bu gün bir çoxları həmin məqamlara
ya ümumiyyətlə toxunmur, ya da məsələyə səthi yanaşır. Əgər münaqişənin ilk
günündən bu günə qədər olan xronoloji ardıcıllığa nəzər salsaq, maraqlı mənzərə
ilə qarşılaşarıq. Münaqişənin ilk mərhələsində İsrail–İran qarşıdurması müşahidə
olunurdu. İran həm İsrailə hava zərbələri endirir, həm də ABŞ-nin bölgədəki hərbi
bazalarını hədəfə alırdı. Lakin bu gün vəziyyət tamamilə fərqlidir. Sanki
İsrail artıq meydanda yoxdur. Elə bil ki, İsrail prosesi başladıb, ABŞ-ni
İranla üz-üzə qoyub və daha sonra çox ustalıqla bu qarşıdurmadan geri çəkilib. Nəticədə
isə hər zaman aqressiv siyasəti ilə tanınan İsrail prosesdən kənarda qalıb,
İran isə guya ABŞ-yə cavab olaraq Ərəb ölkələrində yerləşən Amerika hərbi
bazalarını hədəfə almağa başlayıb. Söhbət Səudiyyə Ərəbistanı, Küveyt,
İordaniya, Qətər və digər ölkələrdə yerləşən bazalardan gedir. İran bunu belə əsaslandırır
ki, guya həmin bazalardan ona qarşı təhlükə mövcuddur. Lakin burada bir
çoxlarının bilmədiyi mühüm məqam var. ABŞ-nin hərbi bazaları təkcə ərəb ölkələrində
deyil, Yunanıstanda və Cənubi Kiprdə də yerləşir. Buna baxmayaraq, İran İslam
Respublikası bu günə qədər həmin bazalara qarşı heç bir hərbi addım atmayıb.
Halbuki özünü daim İslam dəyərlərinin müdafiəçisi kimi təqdim edən və qeyri-müsəlman
dövlətlərinə qarşı sərt ritorika nümayiş etdirən İranın bu yanaşması ciddi
suallar doğurur”.

Ekspert qeyd edib ki, yəni həm Yunanıstanda, həm də Cənubi Kiprdə ABŞ hərbi bazaları olduğu halda, İran onlara toxunmur: “Bu isə göstərir ki, artıq proses ilk mərhələdən tamamilə fərqli istiqamətdə inkişaf edir. Bu gün artıq İsrail–İran qarşıdurmasından daha çox ABŞ–İran qarşıdurmasını müşahidə edirik. Hesab edirəm ki, hazırda bu qarşıdurmanı daha fərqli müstəviyə keçirmək planı üzərində düşünülür. Aktiv fazanın növbəti mərhələsində isə ABŞ-nin də prosesdən tədricən kənara çəkilərək İranın ərəb və ümumilikdə İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi üzərində işlənilir. Bu istiqamətdə kifayət qədər ciddi addımların atıldığını düşünürəm. ABŞ Prezidenti Donald Trampın bəyanatlarına gəlincə, sabah və ya yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı hansısa razılaşmanın imzalanacağı barədə deyilənlərə ehtiyatla yanaşmaq lazımdır. Çünki bu gün İranda idarəetmə sistemində ciddi problemlər mövcuddur. Hamıya məlumdur ki, İranda prezident postunun səlahiyyətləri olduqca məhduddur və faktiki olaraq həlledici rol oynamır. Bu gün bəzi dairələr Məsud Pezeşkianı qəhrəman kimi təqdim etməyə çalışsalar da, reallıq tam başqadır. İranda bundan əvvəl də İslami düşərgədən olmayan prezidentlərin ciddi siyasi çəkisi olmayıb. Hətta İslami düşərgədən olan prezidentlərin belə siyasi ağırlığı, heç şübhəsiz, Ali Rəhbər Əli Xameneinin kölgəsində qalıb”.
R.Hafizoğlu qeyd edib ki, bu baxımdan İranda son söz birbaşa Əli Xamenei, onun ətrafı, xüsusilə də Müctəba Xamenei və SEPAH tərəfindən verilir: “Ona görə də Qərblə aparılan danışıqların, Misirdə keçirilməsi planlaşdırılan və hətta mənə məlum olduğu qədərilə müəyyən hissəsinin gizli formatda baş tutduğu deyilən ABŞ–İran görüşlərinin bugünkü mərhələdə həlledici əhəmiyyət daşıdığını düşünmürəm. Çünki yekun qərarı verən tərəf yenə də SEPAH-dır. Amma başqa bir məqama da xüsusi diqqət yetirməyinizi istəyirəm. Çünki bəzi dairələr İranı böyük qəhrəman kimi təqdim etməyə çalışırlar. Halbuki mənzərə tam fərqlidir. Diqqət edin, İranın ABŞ ilə eyni masaya oturması, danışıqlar aparması və hər hansı razılaşmaya imza atmağa hazır olması, əslində, uzun illər ərzində irəli sürdüyü ideoloji prinsiplərlə ziddiyyət təşkil edir. Çünki İran illər boyu ABŞ-ni “Böyük Şeytan” adlandırıb və onunla hər hansı dialoqu qəbuledilməz hesab edib. Bu baxımdan ABŞ ilə danışıqlar aparması İranın özünün elan etdiyi prinsiplərə ziddir. Burada başqa bir maraqlı sual yaranır. Necə olur ki, Tehrandakı hakimiyyət Omanda, Pakistanda və ya digər ölkələrdə ABŞ nümayəndələri ilə danışıqlar aparır, müxtəlif formatlarda görüşlər keçirir, hətta razılaşmalar imzalayır, lakin Livan öz sərhədlərini və təhlükəsizliyini qorumaq məqsədilə İsraillə müəyyən anlaşmalara gedəndə bunu xəyanət adlandırır? Məhz bu ikili yanaşma Tehranın siyasi düşüncəsində ciddi ziddiyyətlərin mövcud olduğunu göstərir”.
Ayhan
17:30 03.08.2026
Oxunuş sayı: 50