İranda aclıq olacaq, xalqın güzəranı daha da pisləşəcək
ABŞ-də İranla bağlı hərbi siyasət ətrafında yeni müzakirələr başlayıb. Nümayəndələr Palatasının ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dayandırmasına yönəlmiş qərarı Vaşinqtonun İran siyasətindəki fikir ayrılıqlarını yenidən gündəmə gətirib. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın İranı hərbi əməliyyatlardan daha çox iqtisadi və siyasi təzyiq vasitələri ilə zəiflətmək xəttinə üstünlük verdiyi bildirilir. Qarşıdurmanın hərbi mərhələsində ABŞ tərəfindən İran ərazisində müəyyən strateji obyektlərə hava zərbələri endirilsə də, genişmiqyaslı quru əməliyyatına keçilməyib. Bu fonda əsas suallardan biri Vaşinqtonun bundan sonra hansı addımları atacağı və iqtisadi blokadanın Tehranın mövqeyinə nə dərəcədə təsir göstərə biləcəyidir. Digər tərəfdən, ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilərinin yaxınlaşması İran siyasətini də daxili siyasi gündəmlə əlaqələndirən müzakirələri artırır. Çünki hərbi əməliyyatların genişləndirilməsi ABŞ administrasiyası üçün həm regional, həm də daxili siyasi baxımdan əlavə risklər yarada bilər. İran tərəfi isə müharibənin yaratdığı ağır iqtisadi və humanitar nəticələrə baxmayaraq, danışıqlarda mövqeyini qorumağa çalışır. Belə bir şəraitdə Vaşinqtonun hərbi müdaxilə, iqtisadi təzyiq və diplomatik danışıqlar arasında hansı xətti davam etdirəcəyi əsas müzakirə mövzularından birinə çevrilib.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov Crossmedia.az-a açıqlamasında bildirib: “Nümayəndələr Palatasının Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi əməliyyatları dayandırmaq barədə qərarı heç nəyi dəyişməyəcək. Çünki artıq Prezident Trampın özü də bu barədə qərar verib və İranı yalnız blokadada saxlamaq, ona iqtisadi təzyiq göstərməklə məğlub etmək istədiyini bildirib. Aralıq seçkilərinə təxminən ay yarım qaldığı bir ərəfədə Tramp hərbi əməliyyatlar keçirmək fikrində deyil. Çünki bu çox risklidir və seçkilərin nəticəsinə təsir edə bilər. Dəfələrlə müxtəlif variantlar müzakirə olundu, İrana müxtəlif istiqamətlərdən hərbi zərbələr endirmək təklif edildi. Ancaq Tramp administrasiyası buna cəsarət etmədi. Yalnız havadan müəyyən strateji obyektləri vurmaq yolu seçildi, quru əməliyyatlarına keçməyə cəsarət göstərilmədi”.

Politoloq qeyd edib ki, iqtisadi blokada müəyyən qədər İranın tutduğu mövqeyə təsir göstərəcək, xalqın güzəranı xeyli pisləşəcək: “Ancaq reallıq bundan ibarətdir ki, xalqın güzəranı İran hakimiyyətini maraqlandırmır, onların gücü də bundadır. ABŞ-ni çarəsiz vəziyyətə salan da məhz bu amildir. Xalqın vəziyyəti günü-gündən pisləşir, şəhərlər dağıdılır, əhali susuzluqdan əziyyət çəkir, 5 mindən artıq insan həyatını itirib. Ancaq bu, İran hakimiyyətinin danışıqlardakı mövqeyinə heç bir təsir göstərmir. Çox güman ki, aralıq seçkilərinə qədər ABŞ iqtisadi təzyiq vasitələrindən istifadə etməyə davam edəcək. Seçkilərdən sonra nə baş verəcək? ABŞ quru əməliyyatlarına keçmək qərarına gələ biləcəkmi? Güman edirəm ki, quru əməliyyatları da olmayacaq və Prezident Tramp sadəcə özünü qalib elan edib vəziyyətdən çıxmağa çalışacaq. Ancaq reallıq bundan ibarətdir ki, bu müharibədə nə Amerika Birləşmiş Ştatları, nə də İran qalib sayıla bilər”.
Zeynəb Həsən
18:00 16.09.2026
Oxunuş sayı: 52