HƏMAS “sağ göstərib, sol vurur?”: Yeni müharibə anonsu
HƏMAS-ın silahların təhvil verilməsi ilə bağlı səsləndirdiyi son bəyanat Yaxın Şərqdə davam edən münaqişənin gələcəyi ilə bağlı diqqəti yenidən sülh danışıqlarına yönəldib. Təşkilat müəyyən şərtlər daxilində silahlarını təhvil verməyə hazır olduğunu açıqlasa da, bunun yalnız İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılması və sülh razılaşmasının qüvvəyə minməsi halında mümkün olacağını bildirir.
Bu yanaşma tərəflər arasında aparılan danışıqların yeni mərhələyə keçə biləcəyi ilə bağlı müəyyən ümidlər yaratsa da, proses hələ də mürəkkəb olaraq qalır. Mövcud fikir ayrılıqları və qarşılıqlı şərtlər yekun razılaşmanın əldə olunmasını çətinləşdirir. Buna baxmayaraq, son açıqlama bölgədə davamlı sülhün əldə olunması istiqamətində aparılan müzakirələrdə yeni element kimi qiymətləndirilir.

Politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlamasında bildirib ki, HƏMAS ilə İsrail arasında münaqişənin yaxın zamanda dayanacağına inanmaq üçün ciddi əsaslar yoxdur.
Politoloqun fikrincə, indiyədək tərəflərin davranışı bunun əksini göstərir:
"Praktikada bu günə qədər nə HƏMAS-ın silahı yerə qoyduğunu, nə də İsrailin Qəzza və digər ətraf ərazilərə hücumlarını dayandırdığını görmüşük. Ona görə də bu məsələdə optimist olmaq mümkün deyil. Nə HƏMAS silahları yerə qoyacaq, nə də İsrail Fələstin ərazilərindən qoşunlarını geri çəkəcək". İndiyədək ortaya qoyulan sülh təşəbbüsləri də real nəticə verməyib. ABŞ-in təşəbbüsü ilə müxtəlif sülh mexanizmləri yaradıldı ki, Qəzzada vəziyyətin yaxşılaşmasına nail olunsun. Amma ortada real nəticə yoxdur. Hələ də praktik addımlar atılmayıb, Qəzzada insanlar çox ağır şəraitdə yaşayırlar".
Ekspertin sözlərinə görə, tərəflərin qarşılıqlı mövqeyi münaqişənin davam etməsinə səbəb olur:
"HƏMAS hesab edir ki, silahı yerə qoysa, bu, İsrailin bölgəni tam işğal etməsinə gətirib çıxaracaq. İsrail isə HƏMAS-ın bölgədə olduğunu əsas gətirərək qoşunlarını geri çəkmir. Mövcud reallıqlar yaxın perspektivdə münaqişənin bitəcəyini deməyə əsas vermir. Ehtimalım odur ki, nə silahlar yerə qoyulacaq, nə də qarşıdurma səngiyəcək. Əksinə, qarşıdakı dövrdə yeni bir müharibənin baş vermə riski hər gün bir qədər də artır".
Nigar Xəlilli
12:30 03.08.2026
Oxunuş sayı: 54