ABŞ-İran gərginliyində yeni mərhələ? – Politoloqdan açıqlama
ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi zərbəni son anda ləğv etməsi Yaxın Şərqdə gərginliyin gələcək inkişafı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Məlumata görə, qərarda İranın kompromis təklifinə razılıq verməsi və vasitəçi ölkələrin diplomatik səyləri mühüm rol oynayıb. Bunun regionda gərginliyin azalmasına gətirib çıxarıb-çıxarmayacağı isə hələ də sual altındadır.
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə vəziyyətlə bağlı qəti nəticə çıxarmaq mümkün deyil:

“Burada hər şey İranın kompromis təklifinin konkret məzmunundan asılıdır. Bunun üçün həmin kompromisin nədən ibarət olduğunu bilmək lazımdır. Tərəflərin maksimal tələbləri məlumdur, amma razılaşmaya əsas ola biləcək orta variantlar barədə dəqiq məlumat yoxdur. Ona görə də indidən gərginliyin azalacağını və ya tam əksini demək doğru olmaz”.
Politoloqun sözlərinə görə, son hadisələr göstərir ki, regiondakı vəziyyət çox qısa müddətdə dəyişə bilir:
“Cəmi bir neçə gün əvvəl müharibənin bitdiyi barədə fikirlər səslənirdi. Amma ertəsi gün ABŞ İranın obyektlərinə zərbələr endirdi, İran isə ABŞ-nin hərbi bazalarına hücum etdi. Belə münaqişələrdə sülh sazişi imzalanana qədər gərginlik gah artır, gah da azalır. Bu proseslər normaldır”.
V.Hüseyn hesab edir ki, hazırkı vəziyyət uzunmüddətli sabitlik üçün əsas vermir:
“Hazırda nə gərginliyin tam azalacağını, nə də daha da artacağını demək mümkündür. Adətən belə münaqişələrdə qarşılıqlı zərbələrdən sonra müəyyən kompromis görüntüsü yaranır. Amma bu, münaqişənin bitməsi demək deyil. Bunun üçün konkret razılaşma sənədi və tərəflərin atdığı real addımlar olmalıdır. Hazırda isə belə bir vəziyyət yoxdur”.
Zərnigar Hüseynli
19:30 03.08.2026
Oxunuş sayı: 50