KİV: Merts sentyabrdan sonra kansler postunu tərk edə bilər
Almaniya kansleri Fridrix Mertsin sentyabrda keçiriləcək regional seçkilərdən sonra vəzifəsini tərk edə biləcəyi iddia olunur. Bu ssenarinin baş verməsi Ukraynaya Avropanın dəstəyinə də təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, "Bild" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, hakim Xristian Demokrat İttifaqının (CDU) regional seçkilərdə zəif nəticə göstərəcəyi gözlənilir. Bu səbəbdən partiya rəhbərliyində Mertsin Milad bayramına qədər kansler postunda qalacağına inananların az olduğu bildirilir.
Məlumata görə, CDU-dan olan bir neçə regional hökumət başçısının eyni vaxtda Mertsə "ölkə və partiyanın maraqları naminə" istefa verməyi təklif edə biləcəyi ssenari müzakirə olunur.
"Bild" qeyd edir ki, Mertsin mümkün istefası Ukrayna üçün arzuolunmaz ssenari hesab edilir. Nəşrin iddiasına görə, Kiyevə dəstək verən "istəklilər koalisiyası" əsasən Böyük Britaniyanın keçmiş baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronun siyasi dəstəyi üzərində formalaşıb.
Məqalədə bildirilir ki, Starmer artıq vəzifəsini tərk edib, onun varisi Endi Börnem isə beynəlxalq arenada eyni siyasi təsirə malik deyil. Eyni zamanda, Makronun prezidentlik müddətinin də başa çatmaq üzrə olduğu və Fransada hakimiyyət dəyişikliyinin Ukraynaya dəstəyin gələcəyinə təsir göstərə biləcəyi vurğulanır.
Nəşr hesab edir ki, Mertsin də vəzifədən getməsi yaxın perspektivdə Avropanın Ukraynaya siyasi dəstəyini zəiflədə bilər. Bu məlumat və ehtimallarla bağlı Almaniya hökuməti və CDU tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
14:27 03.08.2026
Oxunuş sayı: 58