God of War serialında Kratos rolunu başqa aktyor canlandıracaq
Sony və Amazon şirkətləri God of War serialında Kratos obrazını canlandıracaq aktyoru dəyişmək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Deadline məlumat yayıb.
Məlumata görə, Kratos roluna təsdiqlənmiş aktyor Rayan Hərst iyunun sonunda serialın çəkilişləri zamanı təhlükəli səhnəni ifa edərkən biseps əzələsini qoparıb. O, əməliyyat olunsa da, bərpa prosesinin bir ilədək davam edəcəyi gözlənilir.
Nəşrin yazdığına görə, şirkətlər çəkilişləri gələn ilə təxirə salmaq əvəzinə baş rol üçün yeni aktyor seçmək qərarı veriblər.
Layihə üçün əlavə problem Atrey obrazını canlandıran Kallum Vinsonun yaşının sürətlə dəyişməsidir. Uzun fasilə yaranacağı halda onun iştirakı ilə artıq çəkilmiş materiallardan istifadə etmək çətin olacaq.
Hadisəyə qədər yaradıcı heyət serialın dörd seriyasını tam çəkib. İndi həmin epizodların yeni Kratos ifaçısı ilə yenidən lentə alınacağı bildirilir. Hazırda studiyalar yeni aktyor axtarır, lakin onun adı hələ açıqlanmayıb. Çəkilişlərin oktyabrın ortalarında bərpa olunması planlaşdırılır.
God of War serialının çəkilişləri bu ilin fevralında başlayıb. Amazon layihənin ilk mərhələdə iki mövsümünü sifariş edib. Serialın süjeti 2018-ci ildə təqdim olunan God of War oyununun yenidən işlənmiş versiyasına əsaslanır və Kratosla oğlu Atrey arasındakı münasibətlərdən bəhs edir.
Layihənin şouranneri və ssenaristi "Battlestar Galactica", "Outlander" və "For All Mankind" seriallarının müəllifi Ronald D. Murdur.
Serialın aktyor heyətində, həmçinin Mendi Patinkin (Odin), Ed Skreyn (Baldr), Maks Parker (Heymdall), Oulavyur Darri Oulafsson (Tor), Tereza Palmer (Sif), Alaster Dunkan (Mimir), Ceff Qulka (Sindri) və Denni Vudbern (Brok) yer alırlar.
Qeyd olunur ki, hazırda Baldur's Gate, Wolfenstein, Far Cry və Mass Effect oyunları əsasında da serial layihələri hazırlanır. Bundan başqa, 2027-ci ildə God of War: Laufey adlı yeni oyunun təqdim olunacağı bildirilir. Oyunda əsas qəhrəman Kratosun həyat yoldaşı və Atreyin anası Fey olacaq.
17:59 17.07.2026
Oxunuş sayı: 66