Britaniyalı turistlər dünyanın ən pis turistləri hesab olunur
Böyük Britaniyadan olan turistlər xaricdə davranışlarına görə ən çox tənqid olunan səyahətçilər sırasındadır. Bunu "YouGov" sorğusunun nəticələri və ekspertlərin rəyləri təsdiqləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Məqalədə bildirilir ki, Avropanın məşhur kurortlarında britaniyalı turistlərlə bağlı mənfi stereotiplər formalaşıb. Səs-küylü davranış, həddindən artıq alkoqol qəbulu, hovuz kənarında şezlonq uğrunda mübahisələr və yerli qaydalara məhəl qoyulmaması onların xaricdə nüfuzuna mənfi təsir göstərib.
"YouGov" tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, britaniyalılar özləri də özlərini dünyanın ən pis turistləri sırasında görürlər. Almaniya və İspaniya sakinləri də eyni fikirdədir.
Nəşr yazır ki, britaniyalı turistləri günəşdən ciddi şəkildə yanmış dərilərinə görə tanımaq asandır. Etiket üzrə ekspert Co Qeys onların bu xüsusiyyətini xaricdə ən çox diqqət çəkən davranışlardan biri kimi qiymətləndirib.
Məqalədə İspaniyada yaşayan bir istifadəçinin "Reddit" paylaşımına da istinad edilir. Onun sözlərinə görə, yerli sakinlər britaniyalıları bədənlərinə yapışan günəş kremi və qum qatına görə zarafatla "çörək qırıntısına bulanmış turist" adlandırırlar.
100-dən çox ölkəyə səyahət etmiş Li Tompson isə qeyd edib ki, bəzi britaniyalı turistlər tarixi məkanlara və restoranlara köynəksiz və ya çimərlik geyimində daxil olur ki, bu da yerli əhaliyə və mədəniyyətə hörmətsizlik kimi qəbul edilir.
Nəşrdə, həmçinin, Krit adasında fəaliyyət göstərən mağaza sahibinin fikirlərinə yer verilib. O bildirib ki, bəzi britaniyalı gənclər həddindən artıq spirtli içki qəbul etdikdən sonra ətrafı dağıdır və yerli mədəniyyətə hörmət göstərmirlər.
Məqalədə "şezlonq müharibələri" də ayrıca qeyd olunur. Li Tompson əvvəllər səhər tezdən duraraq dəsmalla şezlonq tutmağın adi bir ənənə olduğunu düşündüyünü, lakin sonradan bunun başqa ölkədə qonaq olan insan üçün qəribə davranış olduğunu başa düşdüyünü bildirib.
"Daily Mail" yazır ki, britaniyalı turistlər xaricdə də Britaniya pabları, ənənəvi səhər yeməyi, futbol yayımları və yerli mətbəx əvəzinə pivə axtarmağa üstünlük verirlər. Ekspertlərin fikrincə, məsuliyyətli turist olmağın əsas şərti səfər edilən ölkənin mədəniyyətinə və adət-ənənələrinə hörmətlə yanaşmaqdır.
Nəşr xatırladır ki, Fransada çimərliklərdən qum, çınqıl və ya dəniz qabıqları aparmaq qadağandır və bu qaydanı pozanlar 1 500 avroyadək cərimələnə bilərlər. Bundan başqa, Avropanın ən təmiz çimərliklərinin Kipr, Yunanıstan və Bolqarıstanda yerləşdiyi, Albaniya, Estoniya, Polşa, Macarıstan və Belçikada isə suyun keyfiyyətinin daha aşağı olduğu qeyd edilir.
17:53 17.07.2026
Oxunuş sayı: 59