İraqda Trampın öldürülməsinə görə 10 milyon dollar mükafat vəd edilib
İraqda fəaliyyət göstərən İranyönlü silahlı qruplaşma ABŞ Prezidenti Donald Trampın öldürülməsini təşkil edəcək şəxs və ya quruma 10 milyon dollar mükafat veriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.
Məlumata görə, mükafatı "İraqda İslam Müqaviməti" adlı İranyönlü silahlı qruplaşma elan edib. Bildirilir ki, vəsait qruplaşmanın üzvləri və tərəfdarlarının könüllü ianələri hesabına toplanıb.
Qruplaşma bu addımı 2020-ci ildə İranın generalı Qasım Süleymaninin və İraq xalq səfərbərlik qüvvələrinin komandir müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsinə cavab kimi qiymətləndirir. Hər iki şəxs Bağdadda ABŞ-yə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində həlak olmuşdu.
Bəyanatda "Dünyanın azad insanları uşaqların və alimlərin qatillərini təqib etməyə davam edəcəklər, zalımlar isə heç vaxt rahatlıq tapmayacaqlar" ifadəsi yer alıb.
Qeyd edək ki, son dövrlərdə Donald Trampa qarşı mümkün sui-qəsd planları ilə bağlı müxtəlif iddialar səsləndirilir. İsrailin ABŞ-yə İranın Trampa qarşı yeni planı barədə kəşfiyyat məlumatı təqdim etdiyi bildirilmişdi. Donald Tramp özü də jurnalistlərə açıqlamasında həyatına təhlükə olduğunu iddia edərək, İranın hədəf siyahısında olduğunu söyləmişdi.
Bununla yanaşı, İran rəsmiləri uzun illərdir Qasım Süleymaninin öldürülməsinə görə Trampdan qisas alınacağını bəyan edirlər. Bununla belə, yuxarıdakı iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
17:27 17.07.2026
Oxunuş sayı: 55