Endi Bernem Böyük Britaniyanın Leyboristlər Partiyasına lider seçilib
Endi Bernem Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının yeni lideri seçilib və iyulun 20-də baş nazir vəzifəsində Kir Starmeri əvəz edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə partiyanın Milli İcraiyyə Komitəsinin sədri Şabana Mahmud xüsusi partiya konfransında elan edib.
Hakim partiyanın lideri seçildiyi üçün 56 yaşlı Endi Bernem avtomatik olaraq Böyük Britaniyanın baş naziri postunu tutacaq. Dauninq-stritdə rəhbərliyin rəsmi dəyişməsi iyulun 20-nə planlaşdırılıb.
Leyboristlər Partiyasına liderliyə namizədlərin irəli sürülməsi müddəti iyulun 15-də başa çatıb. Lakin keçmiş Böyük Mançester meri Endi Bernemdən başqa heç kim namizədliyini irəli sürməyib.
Bernem Leyborist Partiyasının 403 deputatından 369-nun, həmçinin partiya ilə əlaqəli bütün həmkarlar ittifaqlarının dəstəyini qazanıb. Britaniya KİV-i onu alternativsiz şəkildə, yəni faktiki olaraq "taclandırılaraq" lider seçilmiş siyasətçi kimi qiymətləndirir.
Bundan başqa, deputat Ketrin Vest də formal olaraq namizəd göstərilsə də, o, namizədliyini özü irəli sürməyib. Onun adı yalnız deputat Nil Koyl tərəfindən bülletenə daxil edilib və namizədlik üçün tələb olunan dəstəyi toplaya bilməyib.
Şabana Mahmud bildirib ki, Endi Bernem parlament fraksiyasının tələb olunan 20 faizlik dəstək həddini keçərək növbəti mərhələyə yeganə namizəd kimi vəsiqə qazanıb və bütün 11 həmkarlar ittifaqının dəstəyini alıb. O, konfransda Endi Bernemin Leyboristlər Partiyasının qanuni şəkildə seçilmiş yeni lideri olduğunu rəsmən elan edib.
16:32 17.07.2026
Oxunuş sayı: 57