Əraqçi: İsrail Ağ ev administrasiyasına təsir göstərməyə çalışır
İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin ABŞ administrasiyasına təsir göstərmək və Vaşinqtonu müharibəyə cəlb etmək məqsədilə genişmiqyaslı kampaniya apardığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Abbas Əraqçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.
O, "Time" jurnalında dərc olunan "Trampın keçmiş seçki qərargahının rəhbəri MAGA tərəfdarları arasında İsrailin təsir əməliyyatını həyata keçirir" başlıqlı məqaləyə münasibət bildirib.
"Amerikalıları xarici təsirlər barədə xəbərdar edirlər. Bəs ABŞ administrasiyasını çıxışı olmayan müharibəyə cəlb etmək üçün aparılan genişmiqyaslı İsrail dezinformasiya kampaniyası barədə nə demək olar? Bundan da pisi odur ki, İsrail ABŞ vergiödəyicilərinin vəsaitindən istifadə edərək ölkə daxilində tənqidçiləri susdurmağa çalışır", – deyə İran XİN başçısı yazıb.
Əraqçi paylaşımının sonunda "tezliklə bütün bunların üzə çıxacağını" da qeyd edib.
16:12 17.07.2026
Oxunuş sayı: 51