KİV: İxrac artıq Çin iqtisadiyyatını xilas etmir
Çin iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə illik ifadədə 4,3 faiz artaraq son üç ilin ən aşağı artım tempini qeydə alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times nəşri Çin Dövlət Statistika İdarəsinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, birinci rübdə ÜDM-in artımı 5 faiz olduğu halda, ikinci rübdə bu göstərici 4,3 faizə enib və analitiklərin proqnozlarından aşağı olub.
Nəşr qeyd edir ki, Çin iqtisadiyyatının əsas problemi daxili tələbin zəif qalmasıdır. Mikrosxemlər, akkumulyatorlar və elektromobillərin ixracı rekord səviyyəyə yüksəlsə də, istehlakçılar xərclərini azaltmağa davam edirlər. Daşınmaz əmlak bazarındakı uzunmüddətli böhran, əməkhaqlarının zəif artımı və sənaye sektorundan kənarda məşğulluq problemləri iqtisadi fəallığı məhdudlaşdırır.
NYT-nin qiymətləndirməsinə görə, hazırda məhz ixrac iqtisadiyyatın digər sahələrindəki zəifliyi qismən kompensasiya edir. İyun ayında Çin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artıb, xarici ticarət profisiti isə 125 milyard dolları ötərək tarixdə ən yüksək göstəricilərdən birinə çatıb.
Bununla yanaşı, əsas kapitala yatırımlar 5,7 faiz, daşınmaz əmlak sektoruna investisiyalar isə 18 faiz azalıb. Moody’s Analytics-in qiymətləndirməsinə əsasən, ilin ilk yarısında pərakəndə satışların cəmi 1,3 faiz artması iqtisadi inkişafın qarşısındakı əsas maneələrdən biri olaraq qalır.
Qəzet yazır ki, İran ətrafındakı münaqişənin nəticələri də iqtisadiyyata əlavə təzyiq göstərib. Yanacağın bahalaşması Çin vətəndaşlarının avtomobildən və hava nəqliyyatından istifadəsini azaldaraq istehlak fəallığını daha da zəiflədib.
Məlumata görə, Çin hökuməti vəziyyəti daxili tələbin stimullaşdırılması hesabına yaxşılaşdırmağa çalışır. Çin Dövlət Şurasının Baş naziri Li Tsyan bildirib ki, hökumət əhalinin gəlirlərinin artırılması, yeni iş yerlərinin yaradılması və istehlakın genişləndirilməsini prioritet istiqamət kimi müəyyən edib. İqtisadçılar yaxın vaxtlarda iqtisadiyyata dəstək məqsədilə yeni tədbirlərin elan olunacağını istisna etmirlər.
17:58 15.07.2026
Oxunuş sayı: 60