İtaliyada ovçuluq qanunları yenilənir: Aİ ilə fikir ayrılığı yarana bilər
İtaliya hökuməti son 30 ilin ən genişmiqyaslı ovçuluq islahatını həyata keçirməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, "Politico" bu barədə məlumat yayıb.
Məlumata görə, Baş nazir Corca Meloninin hökumətinin hazırladığı qanun layihəsi artıq Senat tərəfindən təsdiqlənib və hazırda parlamentin kənd təsərrüfatı komitəsində müzakirə olunur.
Layihəyə əsasən, ovçuların səlahiyyətləri genişləndiriləcək, ov ərazilərinin həcmi artırılacaq, ov mövsümü uzadılacaq və ovlanmasına icazə verilən heyvan növlərinin siyahısı genişləndiriləcək.
Sənədin ən çox müzakirə olunan müddəalarından biri isə ovçulara biomüxtəlifliyin qorunmasına töhfə verən "biotənzimləyici" statusunun verilməsidir.
Bununla yanaşı, "Politico" yazır ki, Avropa Komissiyası 2025-ci ilin dekabrında İtaliya hökumətinə rəsmi xəbərdarlıq məktubu göndərərək islahatın Avropa İttifaqının quşların mühafizəsinə dair direktivini poza biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
İtaliya Senatının Kənd Təsərrüfatı Komitəsinin sədri Luka De Karlo isə tənqidləri rədd edərək bildirib ki, hökumətin məqsədi 30 il əvvəl qəbul edilmiş qanunu müasir ekoloji və ovçuluq şəraitinə uyğunlaşdırmaqdır.
17:19 15.07.2026
Oxunuş sayı: 51