Leyen: Aİ Kiyevə dron istehsalı üçün təhlükəsiz yerlər təmin edə bilər
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının Ukraynaya pilotsuz uçuş aparatlarının istehsalı üçün təhlükəsiz və etibarlı istehsal meydançaları təqdim edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Ursula fon der Lyayen bildirib ki, Ukrayna ilə Avropa İttifaqı arasında pilotsuz uçuş aparatları üzrə yeni saziş imzalanıb. Saziş Kiyevin dron istehsalı sahəsindəki təcrübəsini Avropanın sənaye potensialı ilə birləşdirərək birgə layihələrin həyata keçirilməsinə və istehsalın artırılmasına imkan verəcək.
Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya geniş texnoloji və sənaye imkanları, həmçinin təhlükəsiz və etibarlı istehsal meydançaları təklif edə bilər.
"Qüvvələrimizi birləşdirməliyik. Bu razılaşma Ukraynanın innovativ yanaşmasını Avropanın sənaye miqyası ilə bir araya gətirəcək. Biz bu potensialdan birlikdə istifadə etməliyik. Çünki Avropanın bu sahədə üzləşdiyi təhdidləri yaxşı bilirik. Bir çox üzv dövlətlərdə bununla bağlı hücumların və xəbərdarlıqların şahidi olmuşuq", – deyə Avropa Komissiyasının sədri vurğulayıb.
17:07 15.07.2026
Oxunuş sayı: 60