Peskov: ABŞ Ukrayna nizamlanması üzrə vasitəçiliyi davam etdirməyə hazırdır
ABŞ Rusiyaya Ukrayna münaqişəsinin nizamlanması istiqamətində vasitəçilik səylərini davam etdirməyə hazır olduğu barədə siqnallar göndərir.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb.
Dmitri Peskov bildirib ki, Vaşinqtondan bu məzmunda siqnallar davamlı olaraq daxil olur.
"Biz daim amerikalıların öz problemləri bir qədər azaldıqdan sonra Ukrayna nizamlanması ilə bağlı vasitəçilik səylərini davam etdirməyə hazır olduqları barədə siqnallar alırıq", – deyə Kremlin sözçüsü bildirib.
Peskov əlavə edib ki, burada söhbət ilk növbədə Fars körfəzindəki böhranla bağlı vəziyyətdən gedir.
Bundan əvvəl, iyulun 13-də Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Aleksey Çepa bildirmişdi ki, Ukrayna ötən il Ankoricdə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında əldə olunduğunu iddia etdiyi ilkin razılaşmaları nəzərə almalıdır. Onun sözlərinə görə, bu, danışıqların bərpası və irəliləməsi üçün şərtlərdən biri ola bilər.
16:36 15.07.2026
Oxunuş sayı: 54