"Patriot" raketlərinin Ukraynada istehsalı ən azı 1-2 il çəkəcək
"Patriot" hava hücumundan müdafiə raketlərinin Ukraynada istehsalına başlanılması ən azı 1-2 il vaxt aparacaq və bu, hazırkı raket çatışmazlığını aradan qaldırmayacaq.
Crossmedia.az xəbər verir ki, "Die Welt" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna istehsal lisenziyası əldə etsə belə, xüsusi istehsal müəssisələrinin qurulması, təchizat zəncirinin formalaşdırılması, mütəxəssislərin hazırlanması və ABŞ texnologiyalarına çıxışın təmin edilməsi tələb olunacaq.
Bildirilir ki, Ukraynada əsasən raketlərin bəzi komponentləri, məsələn, mühərriklər istehsal oluna bilər. Mürəkkəb elektron sistemlərin istehsalının isə ABŞ-nin nəzarətində qalacağı ehtimal edilir.
Məlumata əsasən, layihə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Kiyev və Vaşinqton arasında müdafiə sahəsində ən iri əməkdaşlıq layihəsi olacaq. Bununla belə, PAC-3 raketlərinin kəskin çatışmazlığını qısa müddətdə aradan qaldırması gözlənilmir.
Xatırladaq ki, daha əvvəl Polşanın müdafiə naziri istehsalın bir neçə həftə ərzində başlaya biləcəyini bildirmişdi. "Reuters" və "Bloomberg" agentlikləri isə təhlükəsizlik baxımından istehsal güclərinin Almaniya və ya Polşada yerləşdirilə biləcəyini yazmışdı.
16:37 11.07.2026
Oxunuş sayı: 70