Çində supertayfun təhlükəsi: 1,8 milyondan çox insan təxliyə edilib
Çində "Bavi" supertayfununun Vençjou şəhərinə yaxınlaşması səbəbindən 1,8 milyondan çox insan təhlükəsiz ərazilərə köçürülüb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, "Bavi" daha soyuq dənizlər üzərində şimal-qərb istiqamətində hərəkət etdikcə sürətini zəiflətməyə başlasa da, geniş yağış zolaqları səbəbindən hələ də ciddi təhlükə yaradır. Bildirilir ki, tayfunun yağış sistemi təxminən Fransa ərazisi qədər genişdir.
Çinin Milli Meteorologiya Mərkəzinin məlumatına əsasən, Qrinviç vaxtı ilə saat 08:08-ə olan vəziyyətdə tayfunun maksimal davamlı külək sürəti saatda 144 kilometr təşkil edib.
Vençjou sakini, 50 yaşlı Huan Sinhuan tayfun ərəfəsində bazardan ərzaq alarkən bildirib ki, müəyyən narahatlıq keçirsə də, vəziyyətin öhdəsindən gələcəklərinə inanır.
Bölgədə fövqəladə xidmətlər gücləndirilmiş iş rejiminə keçib, sakinlərə isə təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunub.
15:54 11.07.2026
Oxunuş sayı: 67