Ukraynalı biznesmenə hücumun arxasında kim dayanır?
Monakoda 29 iyun axşamı baş verən partlayışla bağlı araşdırmalar davam edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hadisənin əvvəlcə terror aktı ola biləcəyi bildirilsə də, daha sonra hüquq-mühafizə orqanları işi qəsdən adam öldürməyə cəhd və ictimai məkanda partlayıcı maddənin yerləşdirilməsi kimi qiymətləndirib.
Məlumata görə, partlayış yaşayış binasının girişində baş verib. Hadisədən əvvəl naməlum şəxsin ərazidə çanta qoyaraq uzaqlaşdığı bildirilir. Partlayış nəticəsində bir ailənin üzvləri – kişi, qadın və yeniyetmə yaralanıb.
Yaralılardan ikisi ağır vəziyyətdə Nitsaya təxliyə edilib. Prokurorluğun məlumatına görə, qadının vəziyyəti kritik olaraq qalır, kişinin isə həyati təhlükəsi aradan qalxıb, uşaq isə əməliyyat olunub.
Eyni zamanda hadisə yerinin yaxınlığında olan daha iki nəfərin şüşə qırıntılarından yüngül xəsarət aldığı bildirilir.
Mediada yayılan məlumatlarda yaralılardan birinin ukraynalı biznesmen Vadim Yermolayev ola biləcəyi qeyd edilir. Bildirilir ki, o və oğlu da partlayış zamanı xəsarət alıb. Yermolayev 2023-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən sanksiya siyahısına salınıb.
Hadisənin təşkilatçısı hələ müəyyən edilməyib. Prokurorluq şübhəlinin partlayıcı qurğunu boltlara və metal qırıntılarına doldurduğunu və tək hərəkət etdiyini bildirib. Təhlükəsizlik orqanları onun izini Fransa ərazisində itirib və geniş axtarış əməliyyatı aparılır.
Bəzi Fransa media orqanları və ictimai fiqurlar hadisədə Ukrayna Təhlükəsizlik Xidmətinin izinin ola biləcəyini iddia etsə də, bu versiya rəsmi şəkildə təsdiqlənməyib. Araşdırma müxtəlif istiqamətlərdə davam etdirilir.
01:11 03.07.2026
Oxunuş sayı: 60