KİV: Rusiya 18 ay Avropanın nüvə obyektlərini dronlarla izləyib
Rusiya son 18 ay ərzində Avropanın bir sıra nüvə obyektlərinə qarşı dronlarla koordinasiyalı müşahidə əməliyyatı həyata keçirib. Crossmedia.az xəbər verir ki, The Guardian bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatına istinadən məlumat yayıb.
Hesabatda bildirilir ki, Böyük Britaniya, Fransa, Belçika və Niderlanddakı nüvə obyektləri 2024-cü ilin sonlarından etibarən 18 ay ərzində müşahidə altında saxlanılıb.
Tədqiqat müəlliflərinin qənaətinə görə, əməliyyatın Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) tərəfindən təşkil edildiyi ehtimal olunur.
Məlumata əsasən, dronlar transponderlərini söndürərək beynəlxalq sularda fəaliyyət göstərən və "kölgə donanması" adlandırılan tanker və yük gəmilərindən havaya buraxılıb.
Qeyd edək ki, hesabatda yer alan iddialarla bağlı Rusiya tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
17:54 02.07.2026
Oxunuş sayı: 45