Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsini təklif etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə enerji sahəsində əməkdaşlığın və qarşılıqlı bağlantıların genişləndirilməsinin vacibliyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Ermənistan hökuməti bu barədə məlumat yayıb.
Paşinyan bu fikirləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə İrəvanda keçirdiyi danışıqlardan sonra təşkil olunan birgə mətbuat konfransında səsləndirib.
Baş nazir bildirib ki, elektrik ötürücü xətlərinin tikintisi və Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsi həm enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də yaşıl keçid prosesinə töhfə verə bilər.
O, həmçinin Ermənistanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsində iştirakının vacibliyini vurğulayıb və rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Qeyd edək ki, Ursula fon der Lyayen iyulun 2-də regional səfəri çərçivəsində Ermənistana gedib. O, bundan əvvəl Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyevlə danışıqlar aparıb.
14:49 02.07.2026
Oxunuş sayı: 46