ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
ABŞ və İran nümayəndələri arasında danışıqların növbəti raundunun iyulun 18-də başlaması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, Al Hadath bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ və İran nümayəndə heyətlərinin görüşünün keçiriləcəyi məkan hələlik açıqlanmayıb. Danışıqlarda iştirak edəcək nümayəndə heyətlərinin tərkibi barədə də rəsmi məlumat verilməyib.
Bundan əvvəl İran nümayəndə heyətinin Dohada Qətər və Pakistan rəsmiləri ilə Tehran və Vaşinqton arasında imzalanmış memorandumun icrası ilə bağlı iki görüş keçirdiyi bildirilmişdi. Səfər çərçivəsində memorandumun şərtlərinin yerinə yetirilməsinə nəzarət edəcək monitorinq qrupunun ilk iclası da keçirilib.
Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında 60 günlük müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəd döyüş əməliyyatlarının dayandırılması, Hörmüz boğazında gəmiçiliyin bərpası, ABŞ tərəfindən İran limanlarına tətbiq olunan dəniz blokadasının aradan qaldırılması, sanksiyaların qismən yumşaldılması, İranın dondurulmuş aktivlərinin bir hissəsinə çıxış əldə etməsi və nüvə proqramı üzrə danışıqların davam etdirilməsini nəzərdə tutur.
14:40 02.07.2026
Oxunuş sayı: 40