Aİ Ermənistana Rusiyanın təzyiqlərinə qarşı dəstək vəd etdi
Avropa İttifaqı Rusiyanın mümkün iqtisadi təzyiqləri fonunda Ermənistana dəstək göstərməyə və ölkənin iqtisadiyyatının Avropa bazarına inteqrasiyasına yardım etməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyası bu barədə məlumat yayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu açıqlamanı İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi danışıqlar zamanı səsləndirib.
Fon der Lyayen bildirib ki, əgər Rusiya Ermənistan məhsulları üçün öz bazarını bağlasa, Avropa İttifaqı 450 milyon istehlakçısı olan bazarını erməni məhsullarının üzünə açacaq.
O qeyd edib ki, Avropa İttifaqı regionda sülh prosesini dəstəkləmək niyyətindədir. Bununla yanaşı, Aİ-ni Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirəcək nəqliyyat infrastrukturu layihələrinə sərmayə yatırmağı planlaşdırır.
Avropa Komissiyasının sədrinin sözlərinə görə, Ermənistan coğrafi mövqeyinə görə bu layihələrdə mühüm rol oynayır. O əlavə edib ki, indiyədək Ermənistana 200 milyon avro ayrılıb və bu məbləğin 2 milyard avroyadək artırılması mümkündür.
13:54 02.07.2026
Oxunuş sayı: 53