Qalibaf: Livanda müharibənin dayandırılması üçün ciddi səylər göstəririk
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Livan parlamentinin sədri ilə telefon danışığı zamanı Livandakı vəziyyət və regiondakı son prosesləri müzakirə edib.
Crossmedia.az xəbər verir ki, Qalibaf bildirib ki, ötən həftə Cenevrədə keçirilən danışıqlarda əsas müzakirə mövzularından biri Livanda müharibənin dayandırılması, ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi olub.
Onun sözlərinə görə, bu məsələ İran və ABŞ arasında imzalanmış İslamabad Memorandumunun birinci bəndinin əsas hissəsini təşkil edir. Qalibaf qeyd edib ki, Cenevrə danışıqlarından sonra İran, ABŞ və Livanın iştirakı ilə memorandumun Livana aid müddəalarının icrasına nəzarət edəcək birgə monitorinq qrupunun yaradılması barədə qərar qəbul olunub.
İran parlamentinin sədri vurğulayıb ki, əsas məqsəd Livanda müharibənin dayandırılması, məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin edilməsi, işğala son qoyulması və İsrail qüvvələrinin Livan ərazisindən çıxarılmasıdır.
Livan parlamentinin sədri isə Cenevrədə aparılan danışıqların nəticələrinin Livan xalqının maraqlarına uyğun olduğunu bildirib. O, İsraili İslamabad Memorandumunda nəzərdə tutulan Livanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı öhdəliklərdən yayınmağa çalışmaqda ittiham edib.
Bundan əlavə, o, Livanla İsrail arasında imzalanmış Vaşinqton sazişini tənqid edərək, onu "fitnə və sui-qəsd" adlandırıb.
22:38 28.06.2026
Oxunuş sayı: 56