Pentaqon raket ehtiyatını bərpa etməkdə çətinlik çəkir
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrandakı əməliyyatlardan sonra istifadə olunan raket ehtiyatını bərpa etmək üçün illərə ehtiyac duya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi sənayesi kifayət qədər raket istehsal etmir və mövcud silah sistemlərinin qiyməti yüksək olaraq qalır.
Nəşrin yazdığına əsasən, ABŞ ildə 600 ədəd “Tomahawk” raketi istehsal edir və onların hər biri təxminən 2,6 milyon dollar dəyərindədir. Qısa mənzilli “Precision Strike Missile (PrSM)” raketinin qiyməti 1,6 milyon dollar, “JASSM” tipli hava-yer qanadlı raketinin qiyməti isə 1,9 milyon dollar təşkil edir.
Bildirilir ki, mövcud vəziyyətdə Pentaqonun istifadə etdiyi raket ehtiyatını bərpa etməsi “aylar deyil, illər” çəkə bilər.
Qeyd edək ki, artıq ABŞ-də raket və pilotsuz uçuş aparatlarının istehsalının artırılması üçün müxtəlif eksperimental layihələr həyata keçirilir. ABŞ Hərbi Hava Qüvvələri növbəti beş il ərzində 28 min raketin alınması üçün 12 milyard dollar büdcə tələb edib. Pentaqon isə yaxın üç il ərzində 10 min ədəd yerüstü raketin alınmasını planlaşdırır.
20:20 28.06.2026
Oxunuş sayı: 61