Ekspert: Azərbaycan universitetlərinin QS reytinqində yüksəlişi xarici tələbələrin sayını artıra bilər
“QS Dünya Universitetləri Reytinqi”nin son nəticələri Azərbaycan ali təhsil sistemi üçün mühüm uğur kimi qiymətləndirilir. İlk dəfə olaraq üç Azərbaycan universitetinin TOP 800-lükdə yer alması, ümumilikdə isə reytinqdə təmsil olunan universitetlərin sayının 10-a çatması ölkənin ali təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən biri hesab olunur.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə irəliləməsi ali təhsil sahəsində müsbət inkişafın göstəricisidir.

Onun sözlərinə görə, bəzi universitetlərin TOP 1000-likdə yer alması həmin ali təhsil müəssisələrində infrastrukturun inkişaf etdiyini, elmi fəaliyyətin gücləndiyini və məzunların əmək bazarındakı mövqeyinin yaxşılaşdığını göstərir.
Ekspert qeyd edib ki, növbəti mərhələdə əsas məqsəd Azərbaycan universitetlərinin TOP 500-lükdə təmsil olunmasıdır:
“Əlbəttə ki, istərdik ki, bu universitetlər gələcəkdə TOP 500-lüyə də daxil olsunlar. Əgər mövcud inkişaf tempi davam edərsə, qarşıdakı illərdə bu nəticəni görmək mümkün olacaq”.
Elçin Əfəndiyev hesab edir ki, beynəlxalq reytinqlərdə əldə olunan uğurlar xarici tələbələrin Azərbaycan universitetlərinə marağını artıracaq:
“Belə olduğu halda ölkəmizdə təhsil almaq istəyən əcnəbi tələbələrin sayı arta bilər. Bu isə yalnız təhsil sahəsi üçün deyil, həm də ölkə iqtisadiyyatı, xidmət sektoru və turizm baxımından əlavə üstünlüklər yaradar”.
Ekspert vurğulayıb ki, əldə olunan nəticələrin davamlı olması üçün universitetlərdə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq əməkdaşlıqların artırılması və təhsil keyfiyyətinin daha da yüksəldilməsi vacibdir.
Zeynəb Həsən
15:05 18.06.2026
Oxunuş sayı: 68