Ekspert II və III ixtisas qrupuna imtahan verənlərə səsləndi: "Ən pis ehtimalda..."
Dövlət İmtahan Mərkəzinin II və III ixtisas qrupları üzrə elan edəcəyi blok imtahanı nəticələri minlərlə abituriyent üçün təkcə mövcud vəziyyəti deyil, həm də növbəti addımların trayektoriyasını müəyyən edir. İlk cəhddə istədiyi balı toplaya bilməyən və ya rəqabət fonunda mövqeyini risk altında görən namizədlər üçün indi əsas sual budur: ikinci şansı dəyərləndirməyə dəyərmi? İllərin imtahan statistikası və qəbul dinamikası göstərir ki, II və III qruplar arasındakı rəqabət fərqi fərqli yanaşma tələb etsə də, düzgün motivasiya və növbəti mərhələnin potensial çətinlik dərəcəsini doğru hesablamaq bal artımını tamamilə real edir. Xüsusilə də III ixtisas qrupunun kifayət qədər yüksək rəqabət mühitinə sahib olduğunu nəzərə almaq lazımdır. İmtahandan dərhal sonra yaranan psixoloji gərginliyi kənara qoyub, ikinci cəhdin gətirəcəyi real şansları təhlil etməyin tam zamanıdır.

Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Crossmedia.az-a açıqlama verib: "II və III ixtisas qrupu üzrə buraxılış və blok imtahanlarında aşağı göstərici əldə edən abituriyentlər, əgər ali təhsil almaq istəyirlərsə, mütləq ciddi şəkildə çalışmalı və hazırlaşmalıdırlar. III ixtisas qrupunda rəqabət yüksək olduğundan risk bir az böyükdür, lakin II qrupda o qədər də böyük bir risk yoxdur".
Təhsil eksperti qeyd edib ki, II ixtisas qrupunda rəqabət azdır və risk daha aşağıdır: "Yəni buraxılış imtahanında yaxşı bal yığan və II qrup üzrə blok imtahanında da 50 ballıq həddi keçən şəxslərin qəbul olma şansları, əlbəttə ki, var. Sadəcə, abituriyentlər bir az məsuliyyətli olmalı və blok imtahanına ciddi hazırlaşmalıdırlar. Axı 50 bal blok imtahanındakı maksimum 400 balın cəmi səkkizdə biridir. Bu, elə də böyük bir nəticə deyil. Zəif potensiallı və ya hazırlığa gedən hər bir abituriyent bu balı rahat şəkildə toplamalıdır.
Təbii ki, blokdan 70-80-90 bal toplayanların da qəbul olma şansları var. Ona görə də düşünürəm ki, birinci cəhd blok imtahanında 50 baldan aşağı yığan və yaxud da buraxılış nəticəsi zəif olub, ümumi balı 170-180-200 arasında qərarlaşanlar ikinci cəhd imtahanı üçün ciddi şəkildə hazırlaşıb nəticələrini yüksəltməlidirlər. Ballarını yüksəltdikləri təqdirdə, qəbul olma imkanları da, əlbəttə ki, çox olacaq".
İkinci cəhd imtahanlarının çətinlik səviyyəsinə aydınlıq gətirən R. Nurəliyev bunu indidən proqnozlaşdırmağım çətin olduğunu deyib: "İkinci cəhd blok imtahanı ilə birinci cəhd arasında çətinlik fərqinin olub-olmayacağını indidən demək çətindir. Amma mən ümumi statistikaya əsasən ehtimal edirəm ki, ikinci cəhd blok imtahanı o qədər də çətin olmayacaq. Ən pis ehtimalda suallar birinci cəhd blok imtahanı səviyyəsində olar. Yəni imtahanın həddindən artıq çətin olmayacağını ehtimal edirəm".
Turqut Ansari
12:02 17.06.2026
Oxunuş sayı: 62