Bakıdan humanitar addım, İrəvandan gecikən cavab
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilməsi regionda normallaşma prosesinin praktiki mərhələyə keçdiyini göstərən mühüm addımlardan biri kimi qiymətləndirilir.
Bu addım bir daha nümayiş etdirir ki, Azərbaycan postmünaqişə dövründə yalnız siyasi bəyanatlarla deyil, konkret humanitar və iqtisadi təşəbbüslərlə də sülh gündəliyinə töhfə verir.
Rəsmi Bakı regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması və etimad mühitinin formalaşması istiqamətində ardıcıl mövqe sərgiləyir.
Bəs Ermənistan bu gün normallaşma prosesinə verməli olduğu töhfəni tam şəkildə verirmi? İrəvan Azərbaycanın yaratdığı yeni reallıqlara və sülh gündəliyinə nə dərəcədə uyğun davranır?
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu Crossmedia.az-a açıqlama verib:

“Azərbaycan regionda etibarlı sülhün əldə olunması üçün üzərinə düşən bütün addımları atmaqdadır. Ən əsası isə, ümumiyyətlə, sülh gündəliyini başladan tərəf Azərbaycan olub. Biz çox yaxşı xatırlayırıq ki, keçmiş münaqişə dövründə Ermənistan məsələnin dinc vasitələrlə həllində maraqlı deyildi.
Azərbaycan bu istiqamətdə uzun illər ciddi səylər göstərdi, prinsipial mövqe nümayiş etdirdi. Azərbaycan Prezidenti hər zaman vurğulayırdı ki, biz münaqişəni dinc yolla həll etmək istəyirik. Lakin nəticəsiz danışıqları sonsuzadək davam etdirmək niyyətində deyildik.
Digər tərəfdən, Ermənistan da keçmiş münaqişə vəziyyətinin davam etməsi üçün əlindən gələni edirdi. Sonradan Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra sülh gündəliyinə start verdi.
Prezident İlham Əliyev bir neçə gün əvvəl Zəngilanda sakinlərlə görüşü zamanı da bu məsələyə toxundu və bildirdi ki, sülh gündəliyini başladan məhz Azərbaycan olub. Bu gündəliyin əsas hərəkətverici qüvvəsi Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi idi”.
Politoloq əlavə edib ki, bu baxımdan Azərbaycan hər zaman olduğu kimi ədalətli mövqe sərgiləyir və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün ədalətli şərtlər irəli sürür:
“Həmin şərtlər də mahiyyət etibarilə artıq təmin olunmaqdadır. ATƏT-in Minsk Qrupu faktiki olaraq fəaliyyətini dayandırıb. Ermənistanda isə Konstitusiyanın preambula hissəsində Müstəqillik Aktına istinad aradan qaldırılmalıdır ki, bununla da Azərbaycana qarşı əsassız ərazi iddiaları tam şəkildə gündəmdən çıxarılsın.
Hesab edirəm ki, Ermənistan da regionda yaranmış yeni geosiyasi reallığı və konfiqurasiyanı artıq qəbul etməyə başlayıb. Çünki başqa alternativ yoxdur. Regionda real sülh imkanını yaradan Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan dövlətinin gücü olub.
Bu sülh imkanından yararlanmayan tərəf isə özünə çox böyük zərər vurmuş olar. Düşünürəm ki, Ermənistanda da bunu artıq dərk edirlər.
Baş nazir Nikol Paşinyan da anlayır ki, alternativ yoxdur və Azərbaycanla sülh şəraitində yaşamaq lazımdır. Hətta seçkiqabağı görüşlərində də bildirirdi ki, ya onun komandası qalib gəlməlidir, ya da region yeni müharibə riski ilə üzləşə bilər.
Bu isə onu göstərir ki, Azərbaycanla sülhün alternativi yenidən müharibədir və belə bir ssenari Ermənistan üçün daha ağır nəticələr doğura bilər.
Bu baxımdan, hesab edirəm ki, hazırda Ermənistan tərəfi Azərbaycanın başladığı sülh gündəliyinin tələblərinə müəyyən qədər uyğun davranmağa çalışır.
Artıq Azərbaycan tranzit baxımından Ermənistana imkanlar yaradır, Rusiyadan və Qazaxıstandan yüklərin daşınmasına şərait formalaşır.
Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında müəyyən ticarət əlaqələrinin qurulması istiqamətində də addımlar atılır. Yanacaq satışı və digər məhsulların dövriyyəsi ilə bağlı müzakirələr aparılır.
Bütün bunlar göstərir ki, sülh gündəliyi müəyyən şəkildə irəliləyir. Təbii ki, Ermənistan daha aktiv addımlar ata bilərdi. Məsələn, Konstitusiyasında dəyişiklik edə bilərdi.
Xatırlatmaq istəyirəm ki, Paşinyan hələ 2023-cü ildə ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildirmişdi. Lakin biz bunu praktik addımlarda tam görmədik.
Digər tərəfdən, Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyəti də müəyyən suallar doğurur. Bu baxımdan, Ermənistanın tam səmimi olduğunu qəti şəkildə söyləmək çətindir.
Amma dəyişməyən bir reallıq var: sülh prosesini irəli aparmaq gücündə olan tərəf Azərbaycandır. Hesab edirəm ki, Azərbaycanın başladığı prosesi kənardan dayandırmaq və ya Ermənistan tərəfindən əngəlləmək mümkün olmayacaq.
Nəticə etibarilə, Azərbaycan başladığı bu prosesi məntiqi sonluğa çatdıracaq”.
Ayhan
14:23 15.05.2026
Oxunuş sayı: 83