Qafqaz və sülh? Qafqaz və rəhm? – “Baş”ın fəryadı
Ötən günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Azərbaycan ədəbiyyatının dərin qatlarını açan möhtəşəm bir səhnə əsəri – “Baş” romanı əsasında hazırlanmış eyniadlı tamaşanı izlədik.
Tamaşa milli teatr tariximizdə bir səhnə hadisəsi olmaqla yanaşı, həm də kollektiv yaddaşımızın ən qaranlıq və ağrılı qatlarına tutulan bədii işıqdır.
Xalq yazıçısı Elçinin qələmindən çıxan, rejissor Mehriban Ələkbərzadənin interpretasiyasında ərsəyə gələn bu əsər XIX əsrin mürəkkəb və taleyüklü dövrünü – Cənubi Qafqazın taleyini həll edən fırtınalı hadisələri – işğal, müqavimət və parçalanmış ruhların dramını analitik bir baxışla təqdim edir.
Səhnə əsərinin mərkəzində mənşəcə gürcü olan, lakin ruhən Rusiya imperiyasının maraqlarına tam şəkildə tabe olmuş general Pavel Sisianovun (Füzuli Hüseynov) taleyi dayanır.
O, hər nə qədər “şər mücəssəməsi” olsa da, öz ideyalarına sadiq, qüvvətli xarakter kimi qarşımıza çıxır.
Sisianov bütün Qafqazı Rusiya imperiyası qarşısında diz çökdürmək missiyası ilə gəldiyinə öz varlığı qədər inanır, lakin paradoks ondadır ki, onun özünün və ailəsinin ruhu da vaxtilə işğal olunaraq özgələşdirilmişdir.
Buna baxmayaraq, o, qətl anına qədər ideyalarından dönmür və öz kökünə biganə qalaraq imperiyanın ən sadiq təcəssümünə çevrilir.
Onun qarşısında dayanan Azərbaycan insanı isə həm sosial həyatı, həm də mənəvi ucalığı ilə əsərin etnoqrafik rənglərini tamamlayır.
Süjet xəttini Sisianovun Bakı qala qapıları önündə başının kəsilməsi, Fətəli şah Qacara göndərilməsi ilə başlayan hadisələr silsiləsi təşkil edir və geniş coğrafiyada – Azərbaycan xanlıqlarından Qacarlar səltənətinə, Rusiyadan Gürcüstan knyazlıqlarına qədər uzanan dramatik bir “səyahət”ə çevrilir. Bu yol əslində tarixin XIX əsr modelini cızır.
Onu da qeyd etmək lazımdır ki, rejissor yozumunda təqdim olunan “Baş” metafizik simvoldur.
Bu, bir tərəfdən imperiya təkəbbürünün sarsılması, Azərbaycan xanlıqlarının birləşə bilməməsinin gətirdiyi tarixi faciənin vizual təzahürü, digər tərəfdən isə keçmişlə bu günün, reallıqla mistik məqamların vəhdətidir.
Tamaşanı izlədikcə biz özümüzü həmin hadisələrin mənəvi iştirakçısı kimi hiss edirik. Çünki bu səhnə əsəri sadəcə tarixi hadisələrin təsviri deyil.
Burada əsas sual daha dərindir: böyük güclər qarşısında insan necə dayanır? Seçim anında kim olur?
Məhz bu psixoloji məqamlar ön plana çəkilərək şərq insanının daxili mübarizəsi, qüruru və tərəddüdləri səhnəyə gətirilir.
Tamaşada hadisələr bir-birini izləyən sarsıdıcı dalğalar kimi inkişaf edir – əvvəlcə Gəncə, sonra Qarabağ, ardınca isə Bakı... Hər biri bir tarix, bir qürur, bir müqavimət hekayəsi kimi səhnədə canlanır.
Tamaşanın uğuru isə Elçin yaradıcılığına xas olan çoxqatlı metaforik yazı tərzinin səhnə dilinə peşəkar tərcüməsindədir. Burada hər bir obraz bir ideyanın daşıyıcısıdır. Teatrın qocaman sənətkarları öz ifaları ilə əsərə xüsusi bir müdriklik və tarixi kolorit qatırlar. Onların yaratdıqları obrazlar hadisələrin fəlsəfi qatını açmaqda əsas sütun rolunu oynayırlar.
Gəncə xanlığının işğalı səhnəsində Cavad xan obrazı (Elçin Əfəndi) yalnız hökmdar kimi deyil, torpağın nəfəsi kimi təqdim olunur.
O, son ana qədər geri çəkilməyən, diz çökməyən iradənin və milli ləyaqətin simvoluna çevrilir. Onun müqaviməti hərbi güclə yox, mənəvi ucalıqla ölçülür. Bu, şərəfin, ləyaqətin və vətən sevgisinin hayqırtısıdır. Gəncənin süqutu isə bir dövrün ürəyinə vurulan zərbə kimi səslənir.
Ardınca Qarabağ xanlığının taleyi səhnəyə gətirilir. Tərəddüdlər, siyasi oyunlar və qorxu ilə ümid arasında sıxışan insan taleləri... Burada mübarizə həm silah, həm də seçimlərlə aparılır. Hər seçimdə isə bir sual var: yaşamaq üçün boyun əymək, yoxsa ölmək bahasına olsa belə dirənmək?
Və nəhayət, Bakı xanlığı... Hüseynqulu xanın (Kazım Abdullayev) daxili monoloqları tamaşaçıya xanlığın taleyi ilə öz fərdi faciəsi arasında sıxılan bir insanın psixoloji gərginliyini çatdırır. Hadisələrin kulminasiya nöqtəsi də məhz buradadır – gərginlik zirvəyə çatır.
Pavel Sisianov qalib kimi səhnəyə gəlir, lakin taleyin hökmü başqa cür yazılıb. Bir an – və hər şey dəyişir. Sisianovun öldürülməsi və başının kəsilməsi... Bu, illərlə yığılan qəzəbin, alçaldılmış qürurun partlayışıdır.
Hadisələrin axarı bizi Qacarlar səltənəti sarayına aparır – intriqaların, qorxunun və gizli ümidlərin hökm sürdüyü bir məkan.
Burada Fətəli şah Qacar aldadılmış biri kimi təqdim olunur. O, özünü fövqəl gücə sahib kimi göstərən bir sehrbaza inanır və ona 40 gün möhlət verir. Taleyin gedişini dəyişmək, görünməyəni görmək ümidi ilə.
Lakin zaman hələ tamamlanmamış gözlənilmədən Pavel Sisianovun kəsilmiş başı saraya gətirilir və şah bir həqiqəti dərk edir ki, o aldadılıb.
Bu anda qəzəb, məyusluq və hakimiyyətin sərt tərəfi üzə çıxır. Fətəli şahın hökmü gecikmir və sehrbaz cəzalandırılır. Bu səhnə inamın qırılması, ümidin darmadağın olmasının təzahürüdür. Lakin tamaşanın ən sarsıdıcı anı bundan sonra gəlir.
Səhnəyə şahın həyat yoldaşı, Qarabağ xanlığı və Şuşa ruhunun təcəssümü olan Ağabəyim ağa daxil olur. Qarşısında duran kəsilmiş baş onun keçmişinin, dağıdılmış yurdunun, məhv edilmiş nəslinin simvoludur.
Ağabəyim ağa başı əlinə alır, gözlərində illərin ağrısı, qəlbində susdurulmuş fəryadla sanki bütün itirilənlərin adından danışır. Onun səsi bir xalqın qırılmış taleyinin hayqırtısına çevrilir.
Ümumiyyətlə, “Baş” tamaşası tarixə atılan bir etirazdır. Bu, “unutmadıq” deyən yaddaşdır.
Tamaşa izlədiyicisinə tarixi düşündürür, hiss etdirir və onu seçim qarşısında qoyur. Səhnədə gördüklərimiz isə keçmiş deyil, bu günün suallarıdır: Qəhrəmanlıq nədir? – qalib gəlmək, yoxsa son ana qədər əyilməmək?
14:46 04.04.2026
Oxunuş sayı: 3113