ABŞ-İran münasibətlərində yeni mərhələ - Hörmüz boğazı və asimmetrik diplomatiya
ABŞ-İran münasibətlərində gərginlik yenidən artıb. ABŞ prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin atəşkəs təklifi göndərdiyini iddia edib, lakin bunun qarşılığında Hörmüz boğazının tam təhlükəsizliyinin təmin olunmasını şərt kimi irəli sürüb.
Vaşinqtonla Tehran arasındakı açıqlamalar arasında ciddi uyğunsuzluqlar müşahidə olunur, bu da Yaxın Şərqdə qarşıdurmanın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Amid Əliyev deyib ki, ABŞ prezidenti Donald Trampın İranın atəşkəs istəməsi, lakin ABŞ-nin bunun üçün sərt şərtlər irəli sürməsi ilə bağlı açıqlaması beynəlxalq münasibətlər sistemində güc siyasətinin və məcburedici diplomatiyanın klassik nümunəsi kimi qiymətləndirilə bilər:
"Bu cür bəyanatlar adətən sadəcə informasiya xarakteri daşımır, əksinə, danışıqlar prosesində psixoloji və siyasi üstünlük əldə etmək məqsədi daşıyır. Beynəlxalq münasibətlər nəzəriyyəsində, xüsusilə realizm yanaşmasına görə, böyük dövlətlər üçün əsas məqsəd müharibəni sadəcə dayandırmaq deyil, müharibəni öz siyasi və strateji maraqlarına uyğun şərtlərlə bitirməkdir.

Bu baxımdan, ABŞ-nin mövqeyi ondan ibarətdir ki, hərbi, iqtisadi və siyasi təzyiq vasitəsilə qarşı tərəfi zəiflətmək, daha sonra isə onu danışıqlara məcbur edərək, sülh müqaviləsinin şərtlərini diktə etmək mümkün olsun.
Bu strategiyanın mahiyyəti ondan ibarətdir ki, dövlət birbaşa və tammiqyaslı müharibə aparmaqdan daha çox, məhdud hərbi güc, iqtisadi sanksiyalar və siyasi təzyiq vasitəsilə qarşı tərəfi istədiyi qərarı qəbul etməyə məcbur edir. Burada müharibə məqsəd deyil, vasitə rolunu oynayır. Əsas məqsəd danışıqlar masasında üstün mövqeyə sahib olmaqdır.
Bu kontekstdə ABŞ öz qlobal siyasi və hərbi üstünlüyündən istifadə edərək regional gücləri, o cümlədən İranı daha sərt şərtlərlə razılaşmaya məcbur etməyə çalışır. Bu isə beynəlxalq münasibətlərdə “asimmetrik danışıqlar” adlanan vəziyyəti yaradır.
Yəni tərəflər formal olaraq danışıqlar aparsalar da, real güc balansı bərabər olmadığı üçün şərtləri əsasən güclü tərəf müəyyən edir".
Politoloqun fikrincə, İranın atəşkəsə meyilli görünməsi isə bir neçə struktur faktorla izah oluna bilər:
"Uzunmüddətli iqtisadi sanksiyalar nəticəsində zəifləyən iqtisadiyyat, uzun müharibənin daxili siyasi sabitliyə yarada biləcəyi risklər, regional müharibənin genişlənməsi ehtimalı və ABŞ-nin texnoloji və hərbi üstünlüyü kimi izah oluna bilər.
Beynəlxalq münasibətlər nəzəriyyəsində bu vəziyyət məhdudiyyətlər altında rasional seçim kimi izah olunur. Dövlət ideal variantı deyil, mövcud şəraitdə mümkün olan ən az zərərli variantı seçir.
Bu baxımdan, bəzən ağır şərtlərlə razılaşma uzun və dağıdıcı müharibədən daha rasional seçim hesab olunur. Bu cür siyasi bəyanatların digər mühüm tərəfi isə onların çoxsəviyyəli auditoriyaya hesablanmasıdır. Belə ki, bu tip açıqlamalar eyni anda üç istiqamətə yönəlir:
Birincisi, qarşı tərəfə psixoloji təzyiq göstərmək və onun zəif vəziyyətdə olduğunu nümayiş etdirmək;
ikincisi, daxili ictimaiyyətə hökumətin güclü və qətiyyətli olduğunu göstərmək;
üçüncüsü isə beynəlxalq ictimaiyyətə qlobal güc balansında kimin əsas aktor olduğunu xatırlatmaq.
Buna görə də, bu cür açıqlamalar təkcə diplomatik bəyanat yox, həm də informasiya müharibəsinin və siyasi kommunikasiya strategiyasının bir hissəsi hesab olunur".
A.Əliyev, həmçinin, qeyd edib ki, regionda baş verən proses klassik mənada müharibə və sülh məsələsindən daha çox, güc balansı və siyasi şərtlərin kim tərəfindən müəyyən ediləcəyi məsələsidir:
"Müasir beynəlxalq münasibətlərdə müharibələr çox vaxt ərazi işğal etmək üçün deyil, siyasi şərtləri diktə etmək, təhlükəsizlik arxitekturasını formalaşdırmaq və regional güc balansını dəyişmək üçün aparılır.
Bu səbəbdən, atəşkəs məsələsi humanitar və ya sülh təşəbbüsündən daha çox, böyük güclər arasında strateji danışıqlar alətinə çevrilir. Beynəlxalq siyasətin reallığı ondan ibarətdir ki, sülh müqavilələrinin şərtlərini adətən müharibəni dayandırmaq istəyən tərəf deyil, müharibə meydanında və ya geosiyasi müstəvidə üstün mövqeyə malik olan tərəf müəyyən edir".
Fatimə
10:00 03.04.2026
Oxunuş sayı: 176