İsrail-İran qarşıdurması yenidən alovlana bilər
İsrail ilə İran arasında gələcəkdə yeni hərbi qarşıdurmaların baş verməsi ehtimalı istisna edilmir.
İsrailin “Ynet” nəşrinin adı açıqlanmayan yüksək vəzifəli rəsmiyə istinadən yaydığı məlumata görə, İranın hazırkı siyasi rejimi mövcud olduğu müddətdə tərəflər arasında münaqişənin tam şəkildə başa çatması real görünmür və bölgədə yeni eskalasiya dalğalarının yaranması ehtimalı qalmaqdadır.
Mənbənin fikrincə, İsrail ictimaiyyətində bu istiqamətdə gözləntilərin dəyişməsi zəruridir və qarşıdurmaların müəyyən fasilələrlə təkrarlanması ehtimalı artıq nəzərə alınmalıdır.
Eyni zamanda, İranın nüvə və ballistik raket proqramlarının İsrail üçün strateji təhlükə olaraq qalması səbəbindən gərginliyin davam etməsi yüksək ehtimal kimi qiymətləndirilir.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"ABŞ və İran arasında hazırda danışıqlar prosesi davam edir, lakin bu prosesin müsbət nəticə verib-verməyəcəyi hələ də sual altındadır.
Eyni zamanda, ABŞ-ın Yaxın Şərqə silah-sursat və hərbi təyyarələr göndərməsi regionda gərginliyin artdığına dair müzakirələri gücləndirir.
Bu kontekstdə, ərəb ölkələrinin mövqeyi də diqqət çəkir. Bəhreyn və Səudiyyə Ərəbistanı istisna olmaqla, bəzi dövlətlərin bölgədə eskalasiyanın artmasına ehtiyatla yanaşdığı və bu prosesə tam dəstək vermədiyi iddia olunur. Digər tərəfdən, İsrailin mövqeyi daha kəskin xarakter daşıyır və bu ölkənin ABŞ-ın birbaşa prosesə qoşulmasında maraqlı olduğu bildirilir.
ABŞ Prezidenti tərəfindən son günlərdə səsləndirilən bəyanatlarda İsrail rəhbərliyi ilə koordinasiyanın mövcud olduğu və tərəflərin mövqelərinin qarşılıqlı şəkildə nəzərə alındığı vurğulanır.
Bununla belə, ABŞ-ın hərbi-siyasi təzyiqi artırmasına baxmayaraq, yalnız güc yolu ilə nəticə əldə etməyin çətin olduğu fikri də ön plana çıxır.
Ayın sonuna doğru diplomatik danışıqların yenidən keçirilməsi planlaşdırılır. Bu danışıqların regiondakı gərginliyin azaldılmasına təsir edib-etməyəcəyi isə hələlik qeyri-müəyyəndir.
Əgər ABŞ İranla bağlı hərbi əməliyyatlara başlasa, bunun strateji baxımdan gözlənilən qələbəni təmin edib-etməyəcəyi də ciddi suallar doğurur.
Ümumilikdə belə qənaətə gəlmək olar ki, müharibənin başlaması və ya qarşısının alınması birbaşa ABŞ-ın siyasi qərarlarından asılıdır və bu qərarlar regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edəcək əsas faktor kimi çıxış edir".
Elmir Heydərli
14:53 22.05.2026
Oxunuş sayı: 65