Ermənistan müxalifət liderindən sərt ittihamlar
Ermənistanda “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edərək ölkədə aparılan siyasi proseslərin milli maraqlara zidd olduğunu iddia edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Karapetyan Paşinyanın siyasəti nəticəsində Ermənistanın bəzi ərazilərinin Azərbaycana “təhvil verilməsi” ehtimalının artdığını bildirib. Onun sözlərinə görə, əgər Paşinyan iyun ayında keçiriləcək parlament seçkilərində yenidən qalib gələrsə, “təslim edilən ərazilərin sayı daha da arta bilər”.
Müxalifət lideri əlavə edib ki, bu səbəbdən onun rəhbərlik etdiyi siyasi qüvvə həmin prosesin dayandırılmasını tələb edir. Karapetyan Paşinyanı “qorxu mühitində bir tərəfli güzəştlərə getməkdə” ittiham edərək ölkənin gələcəyi ilə bağlı narahatlıqlarını ifadə edib.
O, həmçinin Ermənistan–Azərbaycan münasibətləri fonunda Azərbaycan baş nazir müavini Şahin Mustafayevin İrəvana səfərinə də toxunub və bu səfərin “yeni göstərişlər” çərçivəsində baş verdiyini iddia edib.
Karapetyan ona qarşı səsləndirilən “xarici kəşfiyyatla əlaqəli olması” iddialarına da cavab verib. O bildirib: “Mən həqiqətən də şpionam, amma erməni xalqının şpionuyam”. Onun sözlərinə görə, Paşinyan hökumətinin fəaliyyəti və ölkədə baş verən proseslər ictimaiyyət tərəfindən açıq şəkildə qiymətləndirilə bilər və bunun üçün “kəşfiyyat fəaliyyəti” tələb olunmur.
Ermənistan baş naziri Nikol Paşinyan isə daha əvvəl bildirib ki, sərhədin delimitasiyası çərçivəsində Azərbaycana üç ərazi verilə bilər. Rəsmi açıqlamada yalnız Tavuş bölgəsindəki iki kəndin adı çəkilib. Ekspertlərin fikrincə, üçüncü ərazi kimi Ararat vilayətində yerləşən Tigranashen göstərilir. Həmin ərazinin Azərbaycana keçməsi İranla sərhədə aparan strateji beynəlxalq yolun kəsilməsi ilə nəticələnə bilər.
16:13 24.05.2026
Oxunuş sayı: 51