“Yüksəliş” müsabiqəsinin Analitik təhlil üzrə sınaq imtahanı yekunlaşıb
17 may tarixində keçirilən Analitik təhlil üzrə sınaq imtahanında ümumilikdə 5042 namizəd iştirak edib.
Crossmedia.az xəbər verir ki, sınaq imtahanında əldə olunan nəticə Analitik təhlil üzrə əsas imtahanın nəticəsinə təsir göstərməyəcək. Sınaq imtahanında iştirak edə bilməyən namizədlər də əsas imtahanda iştirak hüququna malikdirlər.
Xatırladaq ki, əyani mərhələnin ilk turu olan Analitik təhlil üzrə əsas imtahan 23 və 24 may tarixlərində keçiriləcək. Bu mərhələdə iştirakçılar verbal, rəqəmsal və abstrakt təhlil olmaqla üç test bloku üzrə qiymətləndiriləcəklər. İmtahanın ümumi müddəti 3 saat təşkil edəcək.
“Analitik təhlil imtahanı”nın əsas imtahan üzrə nəticələri doğru cavabların sayı ilə deyil, xam ballar əsasında formalaşan T-bal şkalası ilə hesablanacaq.
Əsas imtahanın tarixi və məkanı ilə bağlı iştirakçılar növbəti həftə ərzində şəxsi kabinetə daxil olaraq seçim edə biləcəklər.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb
22:10 24.05.2026
Oxunuş sayı: 63